Accessibility links

Azər Qasımlı: Azərbaycan Rusiyanın orbitindədir


Azər Qasımlı: Azərbaycan Rusiyanın orbitindədir
please wait

No media source currently available

0:00 0:06:26 0:00

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanın hazırkı xarici siyasət kursundan və gözlənilən parlament seçkilərindən danışıb.

Amerikanın Səsi: Beynəlxalq münasibətlərdə kəskin gərginlik fonunda Azərbaycanın hazırkı xarici siyasət kursunu necə qiymətləndirərdiniz? Yeni dünya düzəni formalaşdığı bir vaxtda Azərbaycan öz yerini hansı güc mərkəzlərinin yanında görür?

Azər Qasımlı: İlham Əliyevin xarici siyasəti dedikdə sözsüz ki, ölkədə daxili siyasəti necə aparırlarsa, ona uyğun da xarici siyasəti qururlar. Xarici siyasətin mahiyyəti də məhz ona uyğundur. Bu, yalnız İlham Əliyevin apardığı xarici siyasətlə bağlı deyil, ümumiyyətlə dünyada istənilən ölkənin xarici siyasəti ilk növbədə onun daxili siyasətinə bağlıdır. Bizim ölkədə nə baş verməkdədir? Bizim ölkədə bütün demokratik institutlar sıradan çıxarılıb. Ölkəmizdə qeyri-demokratik və rəqabət olmayan bir vəziyyət yaranıb. Bu da sözsüz ki, xarici siyasətə öz təsirini göstərir. Bu nöqteyi-nəzərdən də Azərbaycan hal-hazırda diktator və yaxud avtoritar rejimlər və yaxud deyərdim ki, avtoritarlığa meylli olan dövlət adamları ilə dostluq edir. Məsələn, kimi demək olar? İlk növbədə Rusiya. Hal-hazırda mən hesab edirəm ki, Azərbaycan Rusiyanın orbitindədir və həyata keçirdiyi xarici siyasəti rusiyayönümlü adlandıra bilərik. Digər tərəfdən də Azərbaycana gələn xarici qonaqlara diqqət yetirək. Macarıstanın baş naziri Orban, Serbiyanın, Sloveniyanına baş nazirləri, Tacikistan, Qırğızıstan. Qırğızıstan postsovet məkanında müəyyən mənada demokratik islahatlar keçirən bir ölkə idi. Amma indiki prezident tamamilə başqa bir siyasət həyata keçirir. Hətta Grücüstanda bu yaxınlarda QHT-lərlə bağlı qəbul edilən məşhur qanun var, eyni qanunu Gürcüstandan əvvəl Qırğızıstan mart ayında qəbul edib. Yəni, bu bir dalğadır. Həm dünyada, həm postsovet məkanında avtoritar dalğadır. Azərbaycan da xarici siyasətini buna uyğun həyata keçirir.

Amerikanın Səsi: Ölkədə daxili siyasi vəziyyət barədə nə deyə bilərdiniz? Konstitusiyaya görə bu ilin noyabrında Azərbaycanda parlament seçkiləri keçirilməlidir. Mərkəzi Seçki Komissiyasının sədrinin açıqlamasına görə, seçkilər COP29 konfransına görə erkən də keçirilə bilər. Belə olarsa bu artıq ölkədə son 6 ildə 4-cü növbədənkənar seçki olacaq. Bu taktika iqtidara hansı üstünlüklər verir və yaxud müxalifət üçün nə çətinliklər yaradır?

Azər Qasımlı: Ümumiyyətlə, birinci sual vermək lazımdır, Azərbaycanda hal-hazırda təşkilatlanmış və resursu olan, fəaliyyətdə olan müxalifət varmı? Mən hesab edirəm ki, Azərbaycanda müxalifyönümlü şəxslər var. Hətta düşünürəm ki, cəmiyyətin böyük bir hissəsi müxalifyönümlüdür. İndi kimisi öz fikrini açıq şəkildə deyir, kimisi isə daha çox susmağa önəm verir. Bu nöqteyi-nəzərdən mən hesab edirəm ki, Azərbaycanda hazırda resursu olan müxalifət yoxdur. Azərbaycanda parlament deyilən bir şey qalmayıb. Qeyri Hökumət Təşkilatlarının hamısı qonqolardır. Azərbaycanda demək olar ki, azad media yoxdur. Yəni, belə olan şəraitdə rəqabətsiz, qeyri-şəffaf, qeyri demokratik, qeyri ədalətli seçkilər olacaq. Yəni indidən seçkiləri bu şəkildə səciyyələndirə bilərik. Fərq etmir nə vaxt keçiriləcək. Yaydamı, qışdamı, payızdamı keçiriləcək. İstədikləri vaxt seçki keçirə bilərlər. Hətta ana yasanı belə, yəni konstitusiyanı pozub istədiyi ayda da, hətta gələn il də parlament seçkiləri keçirsələr kim çıxıb nə deyəcək? Çünki ölkəni idarə edən bir nəfərdir. Hər hansı bir demokratik institutlar yoxdur ki, yaxud ictimai nəzarət mexanizmi yoxdur ki, bunların hamısını sorğulasın, hansısa fərqli bir mövqe ortaya çıxarsın.

Amerikanın Səsi: Ümumiyyətlə ölkənin siyasi və ictimai həyatında parlamentin rolunu necə görürsünüz?

Azər Qasımlı: İndi mən onu psevdo-parlament kimi görürəm. Hal-hazırda guya ki, qeydiyyatdan keçmiş psevdo-partiyalar var. Adlarına müxalifət deyirlər. O cümlədən də psevdo-müxalifət, media, QHT, qonqolar kimi. Yəni Azərbaycan parlamentində bir nəfər belə şəxs yoxdur ki, onun şəxsi fikri olsun. O öz istədiyini istədiyi zaman parlamentdə deyə bilsin. Hansısa məsələ ilə bağlı bir mövqe sərgiləsin. Məsələn, bir nümunə sərgiləsin. Deyəlim ki, xaricdə həm prezident ailəsi ilə bağlı, həm fərqli-fərqli nazirlər, elə deputatların özləri ilə bağlı, onların mülkləri, bank hesabları ilə bağlı məlumatlar çıxdı. Bunun heç olmasa birini hansısa bir deputat sorğuladımı? Ona görə də, Azərbaycan iqtidarı hər şey edir ki, parlamentdə bir nəfər də olsun həqiqi, özü seçilən və öz fikrini azad şəkildə ifadə edən şəxs olmasın. Hətta partiya üzvü olmayan belə bir nəfəri orada görmək istəmirlər. Yəni parlamentə düşmək üçün hər kəs üzərinə bir öhdəlik götürür. Ona görə də parlamentdə ona uyğun davranır.

Qeyd: Bu, Azər Qasımlının fikirləridir. Rəsmi Bakı Azərbaycan hökumətinin müxtəlif təzyiqlərə baxmayaraq, dünyada müstəqil xarici siyasət yürütdüyünü bildirir. Seçkilərə gəlincə, ölkə rəsmiləri bir qayda olaraq azad, ədalətli və rəqabətli seçki mühitinin yaradıldığını bəyan edir.

Bununla yanaşı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyaları Azərbaycanda Avropa İttifaqı standartlarına uyğun seçkilərin keçirlmədiyini bəyan edib.

Forum

XS
SM
MD
LG