Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ilə 154 nəfər məhbus əfv olunub. Hüquq müdafiəçilərinin dediyinə görə, əfv olunanlar arasında bir nəfər belə siyasi məhbus kimi tanınan şəxs yoxdur. Ölkənin hüquq müdafiə təşkilatlarının hesablamalarına görə, hazırda 300 nəfərədək insan siyasi məhbus həyatı yaşayır.
Prezidentin sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.
Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə deyib ki, bir nəfər belə siyasi və vicdan məhbusu əfv olunmayıb.
“Çox təəssüf edirəm ki, son illər imzalanan əfv sərəcamları arasında yeganə haldır ki, bir siyasi məhbus belə sərəncamın hüquqi dairəsinə düşməyib. Bu onu göstərir ki, Azərbaycan hakimiyyəti bütövlükdə hüquqi və siyasi açılımlara nəinki hazır deyil, heç iradə istəyi də yoxdur. Xüsusilə nəzərə alaq ki, son bir il ərzində beynəlxalq siyasi güc mərkəzləri, hüquq müdafiə təşkilatları, mötəbər hüquqi mexanizmlər, ABŞ-dan, Avropa Birliyindən, Avropa Şurasından insan haqlarının durumu, siyasi məhbusların vəziyyəti, onların azadlığa buraxılması ilə bağlı çox ciddi qərarlar, qətnamələr və çağırışlar var”, o qeyd edib.
Hüquq müdaqfiəçisinin əfv sərəncamından ciddi gözləntiləri də olmayıb.
“Şəxsən məndə belə gözlənti yox idi ki, bu əfv sərəncamı ilə 300-ə yaxınlaşan siyasi məhbus azadlığa buraxılacaq. Amma, beynəlxalq təpkilər və tənqidlərin fonunda müəyyən ümidlərim var idi ki, heç olmasa bir neçə siyasi məhbus azadlığa buraxıla bilər. Bunun isə tam əksini gördük”.
Rüfət Səfərovun fikrincə, belə əfv sərəncamı ilə rəsmi Bakı onu göstərmək istəyir ki, biz ölkənin daxilindəki hüquq və azadlıqlara qarşı son dərəcə kəskin bir siyasət yürüdürüksə, bu bizim daxili işimiz ola bilər.
"Beynəlxalq mövqelər və çağırışlar bizim üçün heç bir ciddiyyət kəsb etmir. Çünki hazırki hakimiyyətin dövründə, 30 il ərzində imzalanan əfv sərəncamlarının hər birində az sayda olsa da ciyasi və vicdan məhbusları azadlığa çıxıb. Bu yeganə əfvdir ki, siyasi məhbus azadlığa buraxılmayıb. Düşünrəm ki, bu, hakimiyyətin siyasi-emosional qeyri-hüquqi davranışının nəticəsidir”, hüquq müdafiəçisi qeyd edib.