Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir

Azərbaycan-Ermənistan sərhədlərində gərginlik davam etməkdədir. Sərhədlərdə silahlı gərginlik aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündən sonraya təsadüf edir.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, aprelin 12-də Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Daşkəsən rayonunun (Bakıdan 394 kilometr qərb) Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Ermənistan Müdafiə Nazirliyi isə məlumatın həqiqəti əks etdirmədiyini bildirib.

“Azərbaycan Müdafiə Nazirliyinin aprelin 12-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin sərhəd zonasının şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə məlumatı həqiqətə uyğun deyil,” Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Rəsmi Bakı Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının martın 7-də baş tutan görüşündən sonra Ermənistanın Tavuş rayonu və Azərbaycanın Qazax rayonuna yaxın, Ermənistanın nəzarətində olan dörd kəndin ilkin olaraq azad olunmasını tələb edib.

“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir,” rəsmi Bakı martın 9-da bəyan edib. Azərbaycan hesab edir ki, 4 kənd qaytarıldıqdan sonra digər anklav kəndlərlə və delimitasiya ilə bağlı danışıqları davam etdirmək olar.

Ermənistanın Baş naziri Nikol Paşinyan sözügedən kəndlərin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının de yure Azərbaycan ərazisində yerləşdiyini bildirib. Həmin kəndlərin Azərbaycana qaytarılması hələ baş verməyib.

Aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündən sonra Rusiya, İran, Azərbaycan və Türkiyə tənqidi bəyanatarla çıxış edib və Cənubi Qafqazda sülh prosesinə bölgədən kənar qüvvələrin qarışmasının əleyhinə olduqlarını bildiriblər.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə aprelin 8-də keçirdiyi brifinqdə Turan Agentliyinin sualına cavabında deyib ki, ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnundur və buna davam edəcək.

Onun sözlərinə görə, ABŞ bu problemi həll etməyin yolunun danışıqlar masasında olduğunu açıq şəkildə bildirib.

“Mən qarşıdan gələn görüşlər barədə danışmaq istəmirəm, lakin biz həmişə dialoqu alqışladığımızı açıq şəkildə bildirmişik. Dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə danışanda açıq şəkildə bildirdi ki, onlar arasında dialoq olmalıdır. Bu dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnunuq və buna davam edəcəyik. Hər hansı konkret görüşlərdən əvvəlcədən danışmaq istəmirəm”, Dövlət Departamentinin sözçüsü əlavə edib.