Fevralın 16-da ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bir sıra sektorlarda ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə etmək üçün Bakıdakı ABŞ şirkətlərinin nümayəndələri ilə görüşüb.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi X platformasında məlumat yayıb.
Rəsmi məlumatlara görə, iki ölkə arasında geniş iqtisadi əlaqələr mövcuddur.
Belə ki, Azərbaycanın ABŞ-dakı səfirliyinin məlumatına görə, Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır, regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılıb (14 milyard ABŞ dollarından çox).
Azərbaycanın Dövlət Neft Fondu ABŞ-ın maliyyə təşkilatları və fondları ilə sıx əməkdaşlıq edərək qiymətli kağızlar və daşınmaz əmlak bazarına təxminən 7,6 milyard ABŞ dolları sərmayə yatırıb.
Azərbaycanda 300-dən çox Amerika şirkəti qeydiyyatdan keçib.
2007-ci ildə Azərbaycan-ABŞ İqtisadi Tərəfdaşlıq Komissiyası təsis edilib.
Azərbaycanla ABŞ arasında enerji sahəsində 1994-cü ildə Azəri-Çıraq-Çünəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə “Əsrin müqaviləsi”ndə ABŞ şirkətlərinin yer alması ilə başlanan əməkdaşlıq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək ilə davam edib. 14 sentyabr 2017-ci ildə Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində Şevron və Ekson şirkətləri yer alıb.
ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsini dəstəkləyir.
Belə ki, ABŞ Cənub Qaz Dəhlizinə qətiyyətlə sadiq olduğunu və layihənin tamamlanması üçün Azərbaycan və onun beynəlxalq tərəfdaşlarının səylərini dəstəklədiyini dəfələrlə bildirib.
2017-ci ildə “Azərbaycan Hava Yolları” və “Silk Way Airlines” ilə Boeing arasında təyyarələrin alınmasına dair ümumilikdə 3 milyard ABŞ dolları dəyərində, 2021-ci ilin aprelində “Silk Way West Airlines” ilə Boeing arasında 5 ədəd Boeing 777F tipli karqo təyyarəsinin alınması barədə sazişlər imzalanıb.
Azərbaycanın ilk peyki “Azerspace-1”-in istehsalı, dizaynı və 2013-cü ildə orbitə buraxılması ilə əlaqədar ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti ilə əməkdaşlıq edilib və “Azerspace-2” peykinin 2018-ci ildə orbitə buraxılması çərçivəsində peyki hazırlayan “Space Systems/Loral LLC” şirkəti ilə əməkdaşlıq qurulub.
1995-ci ildə təsis olunan ABŞ-Azərbaycan Ticarət Palatası uzunmüddətli biznes əlaqələri qurmaq istəyən ABŞ və Azərbaycan sahibkarları və biznesləri üçün mühüm resurs olub, ticarət missiyaları və konfranslar, hökumət və biznes liderlərinin tərəfdaşlığı üçün platformadır.
2016-cı ildən ABŞ və Azərbaycan dövlət qurumlarının iştirakı ilə keçirilən illik Trans-Xəzər forumu ABŞ, Azərbaycan və Transxəzər ölkələri arasındakı strateji tərəfdaşlıq münasibətlərini müzakirə edir.