Accessibility links

İqtisadiyyat nazirinin müavini: ABŞ Azərbaycan iqtisadiyyatına 18 milyard dollardan çox investisiya yatırıb


Azərbaycan iqtisadiyyat nazirinin müavini Elnur Əliyev və ABŞ-in Ticarət Katibinin köməkçisi Arun Venkataraman (Rəsmi foto)
Azərbaycan iqtisadiyyat nazirinin müavini Elnur Əliyev və ABŞ-in Ticarət Katibinin köməkçisi Arun Venkataraman (Rəsmi foto)

Aprelin 4-də Azərbaycan iqtisadiyyat nazirinin müavini Elnur Əliyevlə görüşü zamanı ABŞ-in Ticarət Katibinin köməkçisi Arun Venkataraman ABŞ və Azərbaycan arasında ticarət məsələlərini müzakirə edib.

ABŞ səfirliyinin məlumatına görə, Venkataraman ABŞ-Azərbaycan arasında olan ticarət və investisiya münasibətlərini müzakirə edib və bərpa olunan enerji texnologiyalarının qlobal iqtisadiyyata inteqrasiya etdiyi bir vaxtda, ABŞ şirkətlərinin Azərbaycanla avadanlıq və xidmətlər sahasində tərəfdaşlıq etmək marağını bildirib.

İqtisadiyyat Nazirliyinin məlumatında isə deyilir ki, Azərbaycan və ABŞ əməkdaşlığının genişləndirilməsi, enerji diversifikasiyası, texnologiyaların transferi, logistika, "yaşıl" enerji və rəqəmsal iqtisadiyyat sahələri üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Bakıda ABŞ-Azərbaycan "Yaşıl" Enerji Forumunun təşkilinin iki ölkə arasında investisiya qoyuluşlarının həcminin artırılması və bərpa olunan enerj sahəsində ABŞ təcrübəsinin tətbiqi baxımından əhəmiyyətinə toxunub. Nazir müavini deyib ki, Azərbaycanın enerji sahəsində ABŞ-la uğurlu əməkdaşlığı var.

"Bununla belə, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi baxımından, xüsusilə kənd təsərrüfatı, logistika, nou-hau və s. sahələrin böyük potensialı mövcuddur", o qeyd edib.

Görüşdə ölkənin ABŞ üçün tranzit əhəmiyyəti vurğulanıb, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) potensialının daha da genişləndirilməsi üçün birgə səylərin vacibliyi qeyd edilib.

"ABŞ Azərbaycan iqtisadiyyatına 18 milyard dollardan çox investisiya yatırıb. ABŞ-Azərbaycan Ticarət Palatası investisiya əməkdaşlığının inkişafı, ikitərəfli işgüzar əlaqələrin qurulması üçün səmərəli mexanizmdir. Bu il Birləşmiş Ştatlara təşkili nəzərdə tutulan ticarət missiyası da biznes subyektləri arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edəcəkdir", nazir müavini deyib.

XS
SM
MD
LG