Accessibility links

ABŞ ticarət katibinin köməkçisi Bakı Dəniz Limanının rəhbəri ilə görüşüb


Amerika Birləşmiş Ştatlarının ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Bakı Dəniz Limanının rəhbəri ilə görüşüb (Mənbə: ABŞ səfirliyi)
Amerika Birləşmiş Ştatlarının ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Bakı Dəniz Limanının rəhbəri ilə görüşüb (Mənbə: ABŞ səfirliyi)

Bakıda səfərdə olan Amerika Birləşmiş Ştatlarının ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici ticarət xidmətlərinin baş direktoru Arun Venkataraman aprelin 3-də Bakı Dəniz Limanının rəhbəri Taleh Ziyadov ilə görüşüb.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə görüş zamanı ABŞ-in ticarət katibinin köməkçisi Venkataraman ABŞ-in loqistika sahəsində işləyən şirkətlərinin Azərbaycanda və bölgədə vacib rol oynaya biləcəyini qeyd edib.

“Prezident Baydenin administrasiyasının ABŞ və onun dost və tərəfdaşlarının təhlükəsizliyinin gücləndirilməsi təşəbbüsü çəçivəsində, biz bölgədə əlaqələrin gücləndirilməsi, habelə ticarət və inkişaf sahəsində ayrı-ayrı dövlətlərdən asılılığın aradan qaldırılması naminə çalışırıq”, ABŞ səfirliyi Venkataramana istinadən qeyd edib.

Birləşmiş Ştatların ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ və xarici ticarət xidmətlərinin baş direktoru Arun Venkataraman aprelin 5-dək Azərbaycanda səfərdədir.

O, aprelin 3-də Bakıda Azərbaycanın energetika rəsmiləri ilə birgə ABŞ-Azərbaycan Yaşıl Enerji Forumunun işində iştirak edib.

Arun Venkataraman həmçinin Türkiyə, Ermənistan və Gürcüstana səfər edəcək.

“Bakıda olduğu zaman ticarət katibinin köməkçisi Venkataraman Prezident İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirəcək. O, energetika naziri Pərviz Şahbazov ilə birgə ABŞ-Azərbaycan Təmiz və Yaşıl Enerji Forumunda iştirak edəcək. ABŞ şirkətləri təmsilçiləri ilə görüşəcək və ABŞ-ın Azərbaycanla iqtisadi və enerji sahəsində apardığı tərəfdaşlığın vacibliyini vurğulayacaq”, ABŞ səfirliyinin məlumatında deyilir.

XS
SM
MD
LG