Yanvarın 19-da Müsavat Partiyasının başqanı Arif Hacılı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının nümayəndələri Dominik Houel və Svetlana Çetaykina ilə görüşüb.
Görüşdə fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkiləri, həmin seçkilərin müşahidə olunması perspektivləri, ölkədəki seçkiqabağı vəziyyət, seçki qanunvericiliyi, seçkilər ərəfəsində 10 jurnalistin və bir sıra siyasi fəalların, o cümlədən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qanunsuz həbsi, Müsavat Gənclər Təşkilatının üzvü, partiya başqanının oğlu Orxan Hacılının adi yol qəzasına görə iki ay qanunsuz həbsdə saxlandıqdan sonra indi ev dustaqlığında olması və digər məsələlər müzakirə olunub.
2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
Prezidentlik uğrunda hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyev mübarizə aparır.
Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.
Dekabrın 29-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda prezident seçkilərində müşahidəçi missiyasının fəaliyyətə başladığını elan edib. Müşahidə Missiyasının rəhbəri Ouen Mörfidir.
Müşahidə missiyası seçki kampaniyasının, səsvermənin və seçkilərin yekunlaşdırılması prosesinin monitorinqini aparacaq. Missiya 11 beynəlxalq ekspertdən ibarətdir. Bundan əlavə, seçki kampaniyası və seçkilərin monitorinqini 26 uzunmüddətli müşahidəçi həyata keçirir.
Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu həmçinin ATƏT-ə üzv ölkələrə sorğu göndərib ki, birbaşa seçki günü monitorinq üçün daha 280 qısamüddətli müşahidəçi göndərsinlər.