HRW: Azərbaycanda insan hüquqlarına dair narahatedici hallar davam edir

Human Rights Watch beynəlxalq insan hüquqları təşkilatı yanvarın 11-də yaydığı illik hesabatında Azərbaycanda insan hüquqlarına dair uzun müddətdir narahatlıq doğuran halların 2023-cü ildə də davam etdiyini qeyd edir.

HRW il ərzində Azərbaycanda baş verən insan hüquqları pozuntularını sıralayaraq hökumətin ifadə, toplaşma və birləşmə azadlıqlarını ciddi şəkildə məhdudlaşdırdığını bildirir.

Sənəddə işgəncə halları ilə ad çıxarmış Tərtər işi üzrə bəzi irəliləyişlərə baxmayaraq, polis nəzarətində işgəncə və pis rəftarın davam etdiyi vurğulanır.

Prezidentin may ayında imzaladığı əfv fərmanına əsasən siyasi motivlərlə həbs edildiyi güman edilən bir neçə şəxs azad edilsə də, HRW onlarla insanın haqsız yerə həbsdə qaldığını əlavə edir.

Bundan əlavə, HRW hökumət tənqidçilərinin, o cümlədən Bəxtiyar Hacıyev və Qubad İbadoğlunun həbsi, Saatlıda və Gədəbəydə baş verən etirazların zorakılıqla yatırılması, fəalların sosial şəbəkələrdə yazdıqları tənqidi fikirlərinə görə həbs edilməsi, müstəqil mediaya qarşı təzyiqlər və həbslər, habelə Qarabağda 100 mindən artıq əhalinin köç etməsi ilə nəticələnən əməliyyatlar barədə yazır.

Hesabatda Qarabağa ayrıca hissə verilib. Burada Azərbaycanın ötən il ərzində Laçın dəhlizi ilə hərəkəti əngəlləməsindən, Qarabağda humanitar böhranın yaranmasından, daha sonra 19 sentyabr əməliyyatının ardınca demək olar bütün erməni əhalinin bölgəni tərk etməsindən bəhs edilir. Qeyd edilir ki, Azərbaycan Laçın dəhlizi ilə bağlı Beynəlxalq Məhkəmənin iki keçid tədbirini tətbiq etməkdən imtina edib.

SEE ALSO: Miyatoviç Azərbaycan və Ermənistanı münaqişədən zərərçəkənlərin hüquqlarını müdafiə etməyə çağırıb


Hakimiyyət fəalları, müxalif siyasətçiləri hədəf almağa davam edir

Hesabatın “Hökumət tənqidçilərinin təqibi” hissəsində hakimiyyətin tanınmış fəalları, müxalif siyasətçiləri və müxalif siyasi partiya nümayəndələrini hədəfə almağa davam etdiyi qeyd edilir.

Burada xüsusən 2022-ci ilin dekabrında həbs edilən insan hüquqları fəalı Bəxtiyar Hacıyevin, 2023-cü ilin may ayında həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) nümayəndəsi Əlizamin Salayevin və iyul ayında həbs edilən Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun işləri vurğulanır.

İfadə və media azadlığı ilə bağlı pozuntuları ayrıca qeyd edən HRW il ərzində bir sıra fəalların sosial mediada yazdıqları tənqidi fikirlərinə görə təqiblərə və inzibati həbsə məruz qaldıqlarını yazır.

AXCP üzvləri Orxan Baxışlı və Zaur Usubov, müstəqil jurnalist Vəli Şükürzadə, fəal Əmrah Təhməzov, Söyüdlü hadisələri zamanı tənqidi postlar paylaşan Elmir Abbasov və Qiyas İbrahimov inzibati həbsə məhkum edilənlər sırasındadır. Burada həmçinin sentyabr ayında Qarabağdakı hərbi əməliyyatlarla bağlı tənqidi fikir səsləndirən ən az doqquz fəalın həbs edildiyi vurğulanır.

Hesabatda müstəqil mediaya qarşı təzyiqlər, noyabr ayında korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının jurnalistlərinin həbsindən bəhs edilir.

SEE ALSO: HRW: Hökumət tənqid edənlərin səsini kəsərək, Azərbaycanda cəsur jurnalistlərə soyuq siqnallar göndərir


Saatlı və Söyüdlü etirazları

“Hakimiyyət etirazlara düşmən münasibət bəsləməkdə davam edir, onlardan bir neçəsini zorakılıqla, bəzi hallarda qanunsuz olaraq dağıdır və dinc nümayişçiləri həbs edir”, hesabatın Azərbaycanda toplaşma azadlığı ilə bağlı hissəsində qeyd edilir.

Bu xüsusda ötən ilin martında Saatlıda və iyun ayında Gədəbəyin Söyüdlü kəndində baş verən etiraz aksiyalarında polisin gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etdiyi, etirazları zorakılıqla dağıtdığı və etirazçıları həbs etdiyi xatırladılır. Bununla yanaşı Bakıda baş tutan dinc aksiyalarda etirazçıların zorakılığa məruz qaldığı və inzibati həbslərlə üzləşdiyi vurğulanır.

Azərbaycanda işgəncə və pis rəftar hallarına toxunan HRW Tərtər işi ilə bağlı müəyyən irəliləyişlərin olduğunu bildirir, ancaq ümumi olaraq polis nəzarətində işgəncə və pis rəftar hallarının davam etdiyini deyir.

Hesabatda Müsəlman Birliyi Hərəkatının fəalı Ceyhun Balaşovun işgəncəyə məruz qalması, jurnalist Elməddin Şamilzadənin polis tərəfindən döyülməsi halları əks etdirilir.

HRW həmçinin LGBT fəallarının diskriminasiya və pis rəftara məruz qaldığını yazır, ötən ilin may ayında baş verən insidentdə LGBT fəallarının saxlanılması və pis rəftara məruz qalması, onların bəzilərinin inzibati həbsə məhkum edilməsi, bəzilərinin isə cərimələnməsi xatırladılır.

SEE ALSO: Avropa Parlamenti Qubad İbadoğlunun azad, insan hüquqlarını pozan məmurlara sanksiya tətbiq edilməsinə çağırıb

Sonda ötən il ərzində Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair beynəlxalq ictimaiyyətin çağırışları, o cümlədən Avropa Parlamentinin Qubad İbadoğlunun həbsinə dair qətnaməsi, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı və Avropa Şurası rəsmilərinin bəyanatları və çağırışları xatırladılır.

Azərbaycan hakimiyyəti hələlik hesabatla bağlı mövqeyini bölüşməyib. Rəsmi Bakı bir qayda olaraq insan hüquqlarının vəziyyətinə dair yerli və beynəlxalq tənqidləri qəbul etmir və onları qərəzli hesab edir, ölkədə heç kəsin siyasi baxışlarına görə təqib olunmadığını, bütün hüquq və azadlıqların qorunduğunu bildirir.