Accessibility links

ABŞ Azərbaycanı din azadlığına görə xüsusi nəzarət siyahısına salıb


ABŞ Azərbaycanı dini azadlıqları ağır şəkildə pozan və yaxud buna dözümlü yanaşan ölkə kimi xüsusi nəzarət siyahısına salıb.

Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenin yanvarın 4-də yaydığı bəyanatda Azərbaycanla yanaşı Əlcəzair, Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnamın da din azadlığının pozulmasına görə “Xüsusi nəzarət siyahısı”na əlavə edildiyi qeyd edilir.

“Hökumətlər dini azlıqların üzvlərinə və onların ibadət yerlərinə hücumlar, icma zorakılığı, dinc özünüifadəyə görə uzunmüddətli həbslər, transmilli repressiyalar və dini icmalara qarşı zorakılığa çağırışlar kimi pozuntulara son qoymalıdır”, Blinken vurğulayıb.

ABŞ Beynəlxalq Din Azadlığı Komissiyası (USCIRF) ötən il dekabrın 5-də yaydığı hesabatda Azərbaycanda dini etiqad azadlığının vəziyyəti ilə bağlı narahatlığını bildirib, hökumətin bu sahədəki qanunvericiliyə Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun şəkildə dəyişiklər etməkdə maraq göstərməyidiyini vurğulayıb.

USCIRF həmçinin dini fəallara qarşı repressiyalar və Qarabağda dini məbədlərin qorunması ilə bağlı narahatlıq ifadə edib.

Digər tərəfdən, yerli insan hüquqları təşkilatları Azərbaycanda dini fəallara qarşı hüquq pozuntularının baş verdiyini bildirir. Azərbaycanda siyasi məhbuslarla bağlı siyahıda 183 dini fəalın adı yer alır.

Azərbaycan hökuməti ABŞ Dövlət Departmanetinin bu təsnifatına hələlik rəsmi münasibət bildirməsə də, rəsmi Bakı bir qayda olaraq Azərbaycanda insan hüquqlarının, o cümlədən dini etiqad azadlığının qorunduğunu bildirir.

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 5-də Azərbaycanın pravoslav xristian icmasına Milad bayramı münasibətilə müraciətində Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsublarının əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşadıqlarını qeyd edib, birgə yaşayış mühitinin qorunub saxlanılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

Dövlət Departamenti ötən gün xüsusi nəzarət siyahısından başqa “xüsusi narahatlıq yaradan” ölkələr siyahısını da açıqlayıb.

Bu siyahıda Birma, Çin, Kuba, Eritreya, İran, Nikaraqua, Şimali Koreya, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistan yer alır.

Forum

XS
SM
MD
LG