ABŞ Azərbaycan və Ermənistanın həbs edilmiş şəxsləri qaytarmasını alqışlayır

Metyu Miller (Matthew Miller)

Birləşmiş Ştatlar dekabrın 13-də Ermənistan və Azərbaycan arasında həbs edilmiş şəxslərin dəyişdirilməsini alqışlayıb və etimadın möhkəmləndirilməsi tədbirlərinin müzakirə olunduğunu deyib.

Turan agentliyinin sualının cavabında Dövlət Departamentinin sözçüsü Metyu Miller dekabrın 13-də. keçirlən ənənəvi brifinq zamanı bildirib: "Biz bu addımı təşviq edirik və hər iki hökumətlə müzakirələr aparmışıq. Əvvəllər həbs edilmiş azərbaycanlıların və ermənilərin geri qaytarılmasını, həmçinin tərəflər arasında əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq. Biz prosesi irəli aparmaq üçün Ermənistan və Azərbaycanla işləməyə davam edəcəyik. Biz inanırıq ki, hər iki tərəf buna səy göstərsə, sülh mümkündür”, Miller qeyd edib.

Bu arada Miller, xarici işlər nazirlərinin Vaşinqtonda gözlənilən görüşü ilə bağlı hər hansı təfərrüat verməyib.

Dekabrın 13-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhədində, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın İcevan rayonunun sərhədində hərbçilərin mübadiləsi olub. Azərbaycan 32 Ermənistan hərbçisini, Ermənistan isə 2 Azərbaycan hərbçisini təhvil verib. Bu son illərdə vasitəçilər olmadan hərbçilərin birbaşa mübadiləsidir.

Xatırladaq ki, dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.

Erməni hərbçilər 2020-ci ilin dekabrında Hadrut rayonunda və ondan sonrakı dövrdə Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrində və Qarabağda əsir götürülənlərdir.

İki azərbaycanlı əsgər isə 2023-cü ilin aprelində Ermənistanın Qafan rayonu ərazisində əsir götürülüb.