Dekabrın 11-də YUNESKO-nun mənzil qərargahında Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə 1954-cü il Haaqa Konvensiyasına Tərəf Ölkələrinin 15-ci görüşündə “Minaların mədəni irsə təsiri” ilə bağlı qətnamə qəbul edilib.
Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, Azərbaycan tərəfindən daxil edilmiş “Minaların mədəni irsə təsiri” mövzusunda qətnamə layihəsi Konvensiyaya 135 Tərəf Ölkənin yekdil qərarı ilə qəbul edilib.
“Qətnamədə, silahlı münaqişələr və postmünaqişə dövrlərində mədəni mülkiyyətin (mədəni irsin) qorunması və mühafizəsi məqsədilə Üzv Dövlətlərin göstərdiyi səylər təqdir edilir, minaların və digər partlayıcı qurğuların beynəlxalq humanitar hüquqa zidd olaraq istifadənin mədəni mülkiyyətə əhəmiyyətli dərəcədə ziyan vura biləcəyi qeyd olunur. Qətnamədə minalar və digər partlayıcı qurğuların istifadəsinin mədəni mülkiyyətə qarşı ciddi təhlükə yaratması ilə bağlı narahatlıq ifadə olunur”, məlumatda qeyd edilir.
Qətnamədə həmçinin 1954-cü il Haaqa Konvensiyasını pozan addımlarının atılmasının qarşısının alınmasının əhəmiyyəti vurğulanıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) və Azərbaycanın təşkilatçılığı 2023-cü ilin mayında keçirilən “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda 2-ci beynəlxalq humanitar minatəmizləmə konfransının yekun bəyannaməsində deyilir ki, dünyada hələ 60-dan çox ölkə minalar və partlamamış hərbi sursatlarla (PHS) çirklənmiş olaraq qalmaqdadır.
Bəyanatda “Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya” ("Ottava Konvensiyası") və “Kasetli sursatlar haqqında Konvensiya” ("Oslo Konvensiyası") da daxil olmaqla, minaların və partlamamış hərbi sursatların (PHS) istifadəsini tənzimləyən və ya qadağan edən mövcud beynəlxalq hüquqi sənədlərin prinsip və dəyərlərinin qəbul edilməsi, eyni zamanda hamının bu sənədlərə rəsmi riayət olunması istiqamətində addımlar atması təşviq edilir.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, 2020-ci ilin noyabrından Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı minatəmizləmə əməliyyatları nəticəsində 90 minə yaxın ərazi minalardan təmizlənib.
"Ümumilikdə 88 260 mina və partlama təhlükəsi olan digər qalıqlar, o cümlədən 28 259 piyada əleyhinə mina, 15 303 tank əleyhinə mina və 44 698 partlamamış hərbi sursat aşkar edilib və zərərsizləşdirilib. Əldə edilmiş irəliləyişlərə baxmayaraq, mina təhlükəsi hələ də qalır", o qeyd edib.
Ekspertlərin fikrincə, Azərbaycanın münaqişə gedən ərazilərində yüz minlərlə mina var.
ABŞ-ın Azərbaycandakı səfirliyi Twitter hesabında bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün 2,5 milyon dollar ayırıb.
Həmçinin Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko Twitter hesabında qeyd edib ki, Aİ Azərbaycanda minatəmizləməyə 8 milyon avro dəstək verib.