Azərbaycan noyabrın 20-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmir.
Bu barədə rəsmi Bakı noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda keçirdiyi dinləmələrdən sonra bildirib.
Xarici İşlər Nazirliyinin noyabrın 16-da yaydığı şərhdə deyilir ki, noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində səsləndirdiyi fikirlər qəbuledilməzdir.
Azərbaycan Xarici İşlər Nazirliyi dinləmələri və səsləndirilən çıxışları Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə zərbə kimi qiymətləndirir.
“Azərbaycana qarşı səslənən ittihamlar əsassız olmaqla yanaşı, regionda sülh və təhlükəsizliyi sarsıdır," şərhdə deyilir və əlavə olunur ki, ABŞ rəsmisi 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərinin Ermənistan tərəfindən pozulmasına etinasız yanaşıb.
Nazirlik bildirir ki, Azərbaycan nəinki 2020-ci ilin 44 günlük müharibəsindən sonra, hətta ərazilərinin işğal olunduğu 30 ilə yaxın müddət ərzində də beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən sülh prosesinə sadiq olub.
“Əksinə, vasitəçilərdən biri olan ABŞ tərəfi, təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməməklə bağlı da məsuliyyət daşıyır. Bundan əlavə, ABŞ separatçı rejimi dəstəkləyən tərəf olaraq, sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir,” nazirliyin şərhində bildirlir.
Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edir ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur.
“ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur.”
Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirilib.
ABŞ Dövlət Departamentinin nümayəndəsi O’Brayn giriş nitqində ölkə administrasiyasının hal-hazırda üç istiqamət üzrə iş gördüyünü bildirib. O, Qarabağdan çıxan ermənilərin evlərinə maneəsiz dönməsinin mümkünlüyü, o cümlədən onların mülklərinin və mədəniyyətinin qorunmasının bu istiqamətlərdən birincisi olduğunu vurğulayıb.
Daha sonra O’Brayn Ermənistan hakimiyyətinin xarici münasibətlərinin çoxşaxəli olmasına açıq olduğuna və ABŞ rəhbərliyinin bu istiqamətdə Ermənistana ehtiyac duyulan dəstəyin verilməsinə çalışdığını deyib.
ABŞ dövlət katibi köməkçisinin müavini daha sonra fəaliyyətin üçüncü istimətinin tərəflərlə sülh sazişinin əldə edilməsi ilə bağlı ünsiyyətin saxlanılması olduğunu deyib.
“Biz sülhün əldə olunmasında yaxından cəlb olunmuşuq. Sentyabrdan bəri Bakı və Yerevana 13 yüksək səviyyəli səfərlər edilib. Biz eyni zamanda türkiyəli həmkarlarla yaxından çalışırıq. Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək,” O’Brayn əlavə edib.