Accessibility links

Ermənistan üçün zirehli texnika Gürcüstanın Poti limanına çatdırılıb


Poti limanı
Poti limanı

Gürcüstanın Poti limanı Fransadan Ermənistana istiqamətlənmiş “Bastion” tipli yüngül zirehli texnikanın limana gəldiyini təsdiqləyib. Bu 12,5 tonluq təkərli daşıyıcılar səkkiz əsgər daşıya bilir və atıcı silahlarınn atəşi və qəlpələrdən qoruyur.

Fransa mətbuatının yazdığına görə, bu zirehli maşınlar əvvəlcə Ukraynaya çatdırılmaq üçün nəzərdə tutulub, lakin Kyiv artilleriya atəşindən və tank əleyhinə raketlərdən daha yaxşı qorunan digər texnikaya üstünlük verib.

“Bu yük Aİ ölkəsindən - Fransadan gəlib və sanksiyalara məruz qalmayan Ermənistana göndərilib. Bundan əlavə, Gürcüstan hökumətinin dəqiq göstərişləri və beynəlxalq tənzimləyicilər tərəfindən qoyulan məhdudiyyətlər olmadığından, APM Terminals Poti sanksiyaya məruz qalmayan yüklərin qəbulundan əsassız şəkildə imtina etmək imkanından məhrumdur”, Poti limanını idarə edən şirkət APM Terminals Poti-nin yaydığı bəyanatda deyilir.

Azərbaycan Xarici İşlər Nazirliyi noyabrın 13-də Fransanın Ermənistana “Bastion” zirehli texnikası göndərməsini “qətiyyətlə pislədiyini” bəyan edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin sözlərinə görə, Parisin hərəkətləri “Ermənistanın hərbiləşdirilməsi siyasətinə” xidmət edir və Ermənistan və Fransa regionda silahlanma yarışına son qoymalıdır.

Hacızadə eyni zamanda qeyd edib ki, “bu ölkələr regionda sülh və əməkdaşlığa alternativin olmadığını başa düşməlidirlər”. O, beynəlxalq ictimaiyyəti Ermənistanı silahlandırmaqdan çəkinməyə çağırıb.

Oktyabrın 23-də Parisdə Fransa və Ermənistanın müdafiə nazirliklərinin rəhbərləri Sebastyan Lekornu və Suren Papikyanın görüşündə Yerevana silah tədarükü ilə bağlı razılıq əldə olunub. O cümlədən, Lekornu Parisin Yerevanı üç GM200 radarı və Mistral raketləri ilə təmin edəcəyini, həmçinin Ermənistan silahlı qüvvələrinin islahatlarında Ermənistana kömək edəcəyini bəyan edib.

O zaman Fransanın da Ermənistana zirehli texnika verməyi planlaşdırdığı barədə məlumat verilməmişdi.

Rəsmi Yerevan Potidə çəkilmiş hərbi texnikanın boşaldılması ilə bağlı fotolara şərh verməkdən imtina edib.

Bundan əvvəl Hindistan KİV-ləri Ermənistanın Hindistanla silah-sursat, o cümlədən ZADS (Zen Anti-Drone System) pilotsuz uçuş aparatları sistemi və Pinaka reaktiv yaylım atəşi sistemlərinin (MLRS) alınmasına dair müqavilə imzaladığını bildiriblər.

Noyabrın 10-da 6-cı Paris Sülh Konfransında çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Fransanın Ermənistanı silahlandırmaq qərarı ilə bağlı Azərbaycanın tənqidinə cavab olaraq, hər bir suveren ölkənin silah almaq hüququna malik olduğunu deyib. Bundan əvvəl, oktyabrda Ermənistan prezidenti Vaaqn Xaçaturyan mətbuata demişdi ki, Ermənistanın Fransa ilə əməkdaşlığı başqa dövlətlərə qarşı deyil və yalnız müdafiə məqsədləri güdür.

Rəsmi Tbilisi Ermənistan üçün Gürcüstan ərazisindən silah daşınmasına münasibət bildirməkdən çəkinir. Xatırladaq ki, oktyabrda Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik etməyi təklif etmişdi. Azərbaycan prezidenti İlham Əliyev daha sonra Qaribaşvilinin təşəbbüsünü müsbət qarşılayıb və oktyabrın 8-də Tbilisiyə səfəri zamanı ona “yardım göstərməyə hazır olduğuna görə” təşəkkür edib.

Eyni zamanda, Yerevan Tbilisinin təşəbbüsünə təmkinlə reaksiya verib. Oktyabrın 11-də Ermənistanın baş naziri Nikol Paşinyan “heç bir söhbətə qarşı olmadığını” deyib, lakin yeni danışıqların tərəfləri “artıq razılaşdırılmış prinsiplərdən” kənara çıxara biləcəyindən narahat olduğunu bildirib.

Lakin iki həftə sonra Ermənistanın baş naziri MDB ölkələrinin Hökumət Başçıları Şurasında və Avrasiya Hökumətlərarası Şurasında iştirak etmək əvəzinə, Tbilisi “İpək Yolu” forumuna qatılıb və Gürcüstanda Azərbaycan prezidenti ilə görüşüb. Bu, Azərbaycanın Qarabağ üzərində nəzarəti bərqərar etməsindən sonra onların ilk görüşü olub.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG