Accessibility links

Qardaşı Qubad İbadoğlunun belində ağrıların şiddətləndiyini bildirir


Qubad İbadoğlu
Qubad İbadoğlu

Noyabrın 14-də Nərimanov rayon Məhkəməsində iqtisadçı alim Qubad İbadoğlunun həbsindən sonra möhürlənmiş ofisin açılması ilə bağlı vəkillərin şikayətinə baxılıb.

Bu barədə Amerikanın Səsinə iqtisadçı alim Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, məhkəmə şikayəti təmin etməyib.

Qalib Toğrul: Qubad İbadoğlunun səhhətində problemlər hələ də qalır
please wait

No media source currently available

0:00 0:02:00 0:00

“Məhkəmə belə əsaslandırdı ki, istintaq gedir və istintaq dövründə götürülmüş materiallardan istifadə oluna bilər. Amma orada hər hansı istifadə olunası material da yoxdur. O, ADR-ə məxsus olan sənədlər birbaşa olaraq üzvlərin fərdi məlumatlarıdır. Orada istintaq üçün xüsusi əhəmiyyət kəsb edən sənəd yoxdur”, o deyib.

Onun sözlərinə görə, yaxın günlərdə İqtisadi Tədqiqatlar Mərkəzin adından analoji olaraq şikayət veriləcək.

Qalib Toğrul bildirib ki, məhkəməyə Qubad İbadoğlunun özü də gətirilib.

“Qubad bəyin səhhətində əvvəlki problemlər hələ də qalır. Xüsusilə belində ağrılar şiddətlənib. Gecələr ağrılar şiddətlənir və ağrıdan yata bilmir. Dəfələrlə son iki həftədə müraciət edib ki, endokrinoloq, nevropatoloq gəlsin və müalicə etsin. Amma heç kim gəlməyib. Şəkərlə bağlı problemlər də hələ də qalır”, Qabil Toğrul deyib.

Öz növbəsində Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Forum

XS
SM
MD
LG