Accessibility links

Təhlilçi 2024-cü ilin dövlət büdcəsində ciddi strateji dəyişiklik olmadığını bildirir


Milli Məclis
Milli Məclis

Azərbaycan Milli Məclisi noyabrın 14-də "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib.

Sənəddə 2024-cü ilin dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində təklif olunur. Xərclərin 93 faizinin və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

2024-cü ilin gəlirləri 2023-cü il üçün təsdiq olunmuş gəlirlər proqnozu ilə müqayisədə 283 milyon və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacaq. Gəlirlərin qeyri-neft sektoru üzrə və neft sektoru üzrə bölgüsünün bərabər olacağı gözlənilir.

Dövlət büdcəsinin neft-qaz sektorunda məcmu gəlirləri 17 milyard 164 milyon manat nəzərdə tutulub. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 865 milyon manat, cari ilin proqnozu ilə müqayisədə 1 milyard 122 milyon manat və ya 7,5 faiz çox, qeyri-neft sektoru üzrə isə 9 milyard 890 milyon manat, cari illə müqayisədə 905 milyon manat və ya 10,1 faiz çox vəsaitin təmin olunması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin xətti ilə növbəti il üçün 5 milyard 900 milyon manat daxilolmalar nəzərdə tutulur və bu cari illə müqayisədə 172 milyon manat və ya 3 faiz çox olacaq. 2024-cü ildə dövlət büdcəsinin sair gəlirləri üzrə 388 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 831 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır.

Gələn ilin dövlət büdcəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub və bu 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6 faiz çoxdur.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair birinci dövlət proqramının icrası üçün 4 milyard manat, Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə əlavə olaraq 1 milyard 509 milyon manat, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası üçün 249 milyon manat vəsait yönəldiləcək.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə ödəniləcək kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətinə dövlət büdcəsi vəsaiti hesabına maliyyə yardımının göstərilməsi və işğaldan azad edilmiş ərazilərdə müvafiq strukturların yaradılması üçün 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Növbəti ilin icmal büdcəsinin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır. Kəsirin ÜDM-ə nisbəti 2,9 faiz təşkil edəcək.

İqtisadi məsələlər üzrə təhlilçi Rəşad Həsənov Amerikanın Səsinə bildirib ki, hökumət 2024-cü ilin dövlət büdcəsində daha ehtiyatlı davranmağa çalışıb.

Rəşad Həsənov: Hökumətin büdcə siyasətində ciddi strateji dəyişiklik yoxdur
please wait

No media source currently available

0:00 0:06:24 0:00

“2024-cü ilin dövlət büdcəsinin gəlirlər və xərclər hissəsində 2023-cü ilin büdcəsi ilə müqayisədə ciddi artımlar nəzərdə tutulmayıb. Eyni zamanda, hökumət büdcə xərcləmələrini iqtisadi artımın bir lokomotivi olaraq görür. Amma sənədin indiki versiyasında görünən odur ki, 2024-cü il üçün müvafiq yanaşma ortaya qoyulmayıb. Belə ki, iqtisadiyyatı artırmaq üçün büdcə xərclərini artırmaq nəzərdə tutulmur. Başqa bir məsələ isə budur ki, son 3 ildə sosial xərclərin çəkisinin artırılması davam edir. Bu 2024-cü ildə də özünü göstərir. Təbii ki, burada inflyasiya və digər faktorların da təsiri var. Eyni zamanda İkinci Qarabağ Müharibəsindən sonra zəruri olaraq bir sıra xərc istiqamətləri yaranıb. Bu da öz növbəsində sosial xərclərin artırılmasında kəmiyyət dəyişiklikləri hesab olunur. Digər tərəfdən də görürük ki, hökumət əsas vəsait qoyuluşlarını işğaldan azad olunmuş ərazilərə yönəldib. Bu müəyyən mənada növbəti illərdə iqtisadiyyatın büdcə resurslarından faydalanması imkanlarını məhdudlaşdırır”.

Təhlilçinin fikrincə, büdcədə neftin qiyməti ilə bağlı da ehtiyatlı mövqe müşahidə olunur.

“Təhsil və səhiyyə xərcləri daha az artırılıb. Hansı ki, strategiyalara diqqət etsək görərik ki, bu illər ərzində təhsil, səhiyyə, insan kapitalının inkişafı kimi istiqamətlərdə daha çox vəsait ayrılmalı idi. Amma görünən odur ki, bu sahələrdə ciddi strateji dəyişikliklər yoxdur”, o qeyd edib.

Həsənov büdcənin sosial yönümlülüyü barədə danışarkən deyib ki, daha çox sosial yönümlü ölkələrdə büdcənin strukturunda sosial xərclər 70-80 fazi arasında dəyişir.

“Bu aspektdən müqayisə aparsaq Azərbaycan büdcəsini sosial yönümlü adlandıra bilmərik. Amma son illərin büdcəsi ilə müqayisə aparsaq görürük ki, büdcədə sosial xərclər 40 faizin üzərinə qalxıb. Halbuki 3 il bundan əvvəl sosial xərclər 30 faiz ətrafında idi. Burada xərc artımları əmək haqqı fondunda 500 milyon manata yaxın, təqaüdlərin, müavinətlərin, sosial yardımların maliyyələşdirilməsi istiqamətlərində 7 milyard manata yaxın əlavə vəsaitlər nəzərdə tutulub. Görünən odur ki, müəyyən istiqamətlərdə əmək haqlarının artımı ilə bağlı qərar qəbul olunacaq. Bunu tam olaraq büdcədən maliyyələşən təşkilatlara aid etmək olmaz. Çünki əmək haqqı fondunda ümumi artım cəmi 5 faizdir. Əgər inflyasiyanın 10 faiz ətrafında olduğunu nəzərə alsaq, minimum artım da 10 faiz olsa, bu o deməkdir ki, bütövlükdə dövlət sektorunda əmək haqları artmayacaq. Amma daha yaxşı olar ki, az gəlirli sosial qruplar üşün bu artımlar gündəmdə olsun. Çünki inflyasiya onlara daha çox təsir göstərir. Digər tərəfdən də sosial təminat və sosial müdafiəyə ayrılan vəsaitlər təqaüdlərin, müavinətlərin və sosial yardımların maliyyələşdirilməsinə və artırılmasına yönəldiləcək. Ünvanlı sosial yardımla bağlı məsələ aydındır. Yəni ünvanlı sosial yardım hesablanarkən ehtiyac indikatorundan istifadə olunur. Bu 246 manatdan artırılaraq 270 manata çatdırıldı. Amma, təqaüdlər və müavinətlər üzrə ödəmələrin nə qədər artırılacağı hələ məlum deyil”, təhlilçi bildirib.

Onun sözlərinə görə, büdcə paketində vergi siyasəti üzrə çoxsaylı dəyişikliklər nəzərdə tutulur.

“Bu dəyişikliklərin bir qismi müxtəlif sektorlar və iqtisadi seqmentlər üzrə vergi mühitinin yumşaldılmasına hədəflənsə də, xüsusilə mikro-sahibkarlıq subyekti üzrə nəzərdə tutulmuş dəyişiklik aspekti kifayət qədər ciddi narahatlıqlar yaradır. İlkin qiymətləndirmələr onu göstərir ki, xüsusilə mikro-sahibkarların, hansı ki, onlar gəlir vergisi ödəyicisidirlər, onların vergi yükü dörd dəfəyə yaxın arta bilər. Bu, çox böyük bir riskdir. Eyni zamanda, bu digər neqativ halların yayılmasına, süni iş yerlərinin yaranmasına zərurət yarada bilər. Çünki burada müəyyən edilməsi nəzərdə tutulan meyar və onun yaradacağı maliyyə yükü, saxta iş yerləri və ya muzdlu iş yerləri ilə bağlı saxta, yaxud aldadıcı iş yerləri göstəricilərinin artmasına gətirib çıxara bilər. Yaxud da daha fərqli istiqaməti, qeyri-leqal sahibkarlığı dəstəkləyə bilər. Bu yanaşma ilə bağlı daha aydın kriteriyaların və ya daha real çərçivələrin müəyyən edilməsinə ehtiyac var. Əks halda hazırda təklif olunan formada qaydanın qəbul edilməsi hədəflənən müsbət nəticələrindən daha çox mənfi nəticələr doğura bilər. Eyni zamanda, mikro-sahibkarlıq sahəsində biznes mühitini ciddi şəkildə pisləşdirə bilər”, təhlilçi bildirib.

Forum

XS
SM
MD
LG