Accessibility links

Natiq Cəfərli: 2024-cü ilin büdcəsində müdafiə, təhlükəsizlik, azad edilən ərazilərdə tikinti işləri prioritet təşkil edir


Milli Məclis
Milli Məclis

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini Milli Məclisə təqdim edib. Sənədin layihəsi Milli Məclisin rəsmi saytında oktyabrın 17-də ictimai müzakirə üçün təqdim edilib.

Qanun layihəsinə görə, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000 min manat, xərcləri 36 763 000 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895 min manat, yerli gəlirləri 773 105 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547 min manat, yerli xərcləri 782 453 min manat) məbləğindədir.

Sənəddə 2024-cü ilin dövlət büdcəsindən xarici yardımlar üçün 80 milyon manat, seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 935 344 manat ayrılması nəzərdə tutulub.

Büdcə layihəsinə görə, müdafiə və milli təhlükəsizlik xərcləri üçün 6 421 047 420 manat, müdafiə qüvvələrinə 2 465 552 086 manat, milli təhlükəsizlik üçün 413 410 402 manat, sərhəd xidməti üçün 487 698 516 manat, müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar üçün 5 132 430 manat, müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər üçün 3 049 253 986 manat, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 3 000 000 000 manat ayrılacaq.

2024-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3 825 000 000 manat ayrılacaq.

2023-cü il dövlət büdcəsinin gəlirləri 33 890 500 min manat, xərcləri 36 624 800 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 125 798 min manat, yerli gəlirləri 764 702 min manat, mərkəzləşdirilmiş xərcləri 35 847 792 min manat, yerli xərcləri 777 008 min manat) məbləğində təsdiq edilib. Ötən il müdafiə və milli təhlükəsizlik 6 054 844 623 manat təşkil edib.

Natiq Cəfərli
Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə deyib ki, 2024-cü ilin dövlət büdcəsində müdafiə, təhlükəsizlik, işğaldan azad edilən ərazilərdə bərpa-tikinti işləri prioritet təşkil edir.

“Bunu anlaşıqlı qarşılamaq lazımdır. Çünki yeni sərhəd zonalarının, sərhəd-keçid məntəqələrinin yaradılması, təhlükəsizlik tədbirlərinin görülməsi, Qarabağda, işqaldan azad edilmiş ərazilərdə təmir-bərpa işlərinin aparılması, bütün bunlar vacibdir”, o qeyd edib.

Təhlilçi hesab edir ki, bütün bu işləri təkcə büdcə vəsaiti hesabına aparmaq mümkün olmayacaq.

“Çünki azad olunmuş ərazilərdə tikinti, təmir-bərpa işlərinə 2030-cu ilədək azı 60-65 milyard manat vəsait lazım olacaq. Bu çox böyük bir vəsaitdir. Bunu təkcə büdcə hesabına etmək mümkün deyil. Ona görə də çalışmaq lazımdır ki, yerli və xarici investorlar cəlb olunsun. Ölkədə normal investisiya mühitinin yaradılması ilə bağlı addımlar atılmalıdır ki, cəlbedicilik olsun”, o qeyd edib.

İqtisadçının dediyinə görəş 2024-cü ilin büdcəsində sosial xərclərlə bağlı 5,1 faiz artım nəzərdə tutulub.

“Bu da gözləntilərə cavab vermir. Çünki infilyasiya çox yüksək olduğundan, belə gözlənti var idi ki, azı əmək haqları, təqaüdlərlə bağlı ciddi qərarlar olacaq. Amma görünən odur ki, sosial xərclərdə təqribən 5-10 faiz civarında, bu koridorda artım müşahidə oluna bilər. Hazırki büdcə parametrləri ilə kəskin artımları gözləmək mümkün deyil”, o bildirib.

Seçki məsələlərinə ayrılan vəsaitin artırılmasına gəlincə Cəfərli deyib ki, çox güman gələn il həm referendum, həm də seçki ola bilər.

"Çox güman ki, erkən parlament seçkiləri ola bilər. Amma referendum olması ehtimalı da kifayət qədər yüksəkdir. Həm referenduma, həm parlament seçkilərinə vəsaitin ayrılması mümkündür. Büdcə layihəsində seçkilərlə bağlı vəsaitin artırılması bu ehtimalları daha da gücləndirir”, o qeyd edib.

Forum

XS
SM
MD
LG