Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində əməkdaşlıq sənədləri imzalanıb. Bu barədə energetika naziri Pərviz Şahbazov X (keçmiş Twitter) hesabında paylaşım edib.
Məlumatda deyilir ki, energetika naziri Pərviz Şahbazov ilə Azərbaycanda səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüş çərçivəsində “Azərbaycan Energetika Nazirliyi ilə Serbiya Mədənçilik və Energetika Nazirliyi arasında SOCAR və “Srbijagas” arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumu”, həmçinin “SOCAR və “Srbijagas” şirkətləri arasında qaz satışına dair Müqavilə” imzalanıb.
"Mədən və energetika naziri Dubravka Djedoviç Handanoviçlə görüşümüz çərçivəsində Azərbaycan və Serbiya arasında təbii qaz sahəsində strateji əhəmiyyətli əməkdaşlıq sənədləri imzalandı. İllik 400 mln. kubmetrə qədər qaz tədarükü nəticəsində Serbiya Azərbaycanın Avropada qaz bazarını şaxələndirməsində yeni tərəfdaşı olacaq. Ölkəmizin enerji təhlükəsizliyində rolu güclənir”, nazir bildirib.
Müşahidəçilər hesab edir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artır. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkədən Aİ-na qaz ixracının dayandırılması Azərbaycanın mavi qazına tələbatı artırıb.
İqtisadçı Natıq Cəfərli Amerikanın Səsinə bildirib ki, Rusiya-Ukrayna müharibəsi Avropanın uzun illərdir enerji təchizatı məsələsini və xəritəsini tamamilə dəyişdirib.
“Bu müharibədən sonra təbii ki, Avropa ölkələrinin enerjiyə olan tələbatını nəzərə alsaq, yeni enerji mənbələrinə acil ehtiyac yarandı. Azərbaycan hətta uzun illərdir enerji bazarı kimi məhz Avropa bazarını hədəf kimi götürmüşdür. Azərbaycanın bütün ifrastruktur layhihələri Avropaya yönəlib. İstər Bakı-Tbilisi-Ceyhan olsun, istər Bakı-Tbilisi-Ərzurum və TANAP, TAP layihələri Avropa bazarlarına çıxış üçün nəzərdə tutulub”, o deyib.
Ekspert bildirir ki, Azərbaycan enerji sahəsində üzərinə düşdüyü öhdəliklərin çoxunu yerinə yetirib.
“Azərbaycan hələlik Avropa bazarına 10 milyard kub metr qaz satır. Təqribən yarım milyon barelə yaxın da neft satır. Bu Avropanın ümumi istehlakında az görünsə də önəmli əhəmiyyəti var. Çünki birinci növbədə ona görə ki, TAP və TANAP layihələrində 2027-ci ildən sonra Azərbaycan təqribən 21 milyard kubmetr qazı Avropaya çatdıracaq. Yəni iki dəfə artıracaq. Bundan başqa Qazaxıstan neftinin də Azərbaycan üzərindən Avropaya nəqli mümkündür. Artıq proses başlayıb. Bu da Avropa üçün çox önəmlidir”, o bildirib.
Natiq Cəfərli həmçinin Azərbaycanın Şərqi və Cənubi Avropaya qaz çatdırmasının mühüm olduğunu qeyd edib.
“Bu ölkələr Rusiya qazından ən çox aslı olan ölkələrdir. Həmin ölkələr Balkan ölkələri olsun, Yunanıstan, Bolqarıstan olsun, onların Azərbaycandan qaz alması Rusiyadan aslılığını sıfıra endirir”. o deyib.
Natiq Cəfərli hesab edir ki, Azərbaycan Avropa İttifaqı üçün dayanıqlı enerji tərəfdaşıdır.
Ekspertlər bildirir ki, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra Avropa İttifaqı ölkələrinin Azərbaycanın enerji resuslarına marağı getdikcə artıb. Onlar hesab edir ki, xüsusilə müharibə fonunda Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində bu ölkənin Avropa İttifaqına qaz ixracının dayandırılması Azərbaycanın mavi qazına tələbatı artırıb.
Bu il aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
Forum