"1992-ci ildən regionda fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) münaqişədən zərər çəkmiş ərazilərdə çalışaraq vəziyyəti yaxından izləyib. Biz hər zaman neytral vasitəçi kimi çıxış etməyə və humanitar problemlərin aradan qaldırılmasında dəstək göstərməyə hazırıq".
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri oktyabrın 17-də Bakıda jurnalistlər üçün keçirilən informasiya sessiyasında bildirib.
BQXK-nin məlumatında deyilir ki, 2014-2022-ci illərdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşənlərin yaxın qohumlarından 10 800 bioloji nümunə götürüb. Onlardan aşkar olunan qalıqların identifikasiyası üçün istifadə olunur. Toplanan materiallar Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təqdim edilib.
Jurnalistlərə bildirilib ki, BQXK-nin bazasında 3410 iktin düşmüş Azərbaycan vətəndaşı haqqında məlumatlar yığılıb.
Bu statistika 3896 nəfər Azərbaycan vətəndaşının itkin düşmüş hesab olunduğunu bildirən dövlət komissiyasının rəsmi məlumatlarına yaxındır.
Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, 2022-ci ildə Azərbaycan hökumətinə 2020-ci ildə azad olunmuş ərazilərdə 400 məzar yeri haqqında məlumat verilib.
23 yer haqqında yüksək dəqiqliklə (GPS koordinatları), 64 yer haqqında orta dəqiqliklə (radius +250 m) və 320 yer haqqında aşağı dəqiqliklə (kəndlərin, dağların və s. adı) məlumat müəyyən edilib.
Bu yerlər haqqında məlumat 1990-cı iilərdə BQXK-nin iştirakı ilə qaytarılan 300 azərbaycanlı əsirdən, habelə itkin düşmüş şəxslərin qohumlarından alınıb.
2020-ci il müharibəsindən sonra bir neçə məzar yeri aşkar edilib və hazırda təxminən 400 nəfərin qalıqlarının identifikasiyası üzrə iş həyata keçirilir. 25 nəfərin qalıqları artıq identifikasiya olunub və qohumlarına təhvil verilib.
İnformasiya sessiyasında qeyd edilib ki, təşkilatın bütün hesabatlarında Xankəndi Azərbaycan ərazisi kimi göstərilir. BQXK-nin Laçın yolundan həyata keçirdiyi yük daşımalarına gəlincə, təşkilatın əməkdaşları yardımın tərəflərin razılığı ilə çatdırıldığını bildiriblər.
30 il ərzində münaqişə zonasında yardım həcminə gəlincə, ən böyük büdcə BQXK-nin Bərdə ofisində olub və bu, tələbatlarla bağlı olub.
Münaqişənin ehtiyacı olan qurbanlarına yardımla yanaşı, 1990-cı illərdə BQXK-nin böyük layihələri arasında Azərbaycanın penitensiar sisteminə vərəmlə mübarizədə yardım layihəsi olub. Həmin vaxt Azərbaycan vərəm xəstələrinin sayına görə regionda ilk sırada idi. Lakin 2000-ci illərin əvvəllərində artıq Azərbaycanın göstəricisi regionda ən aşağı göstərici olub.
Hazırda BQXK Azərbaycanda münaqişədən əziyyət çəkənlərə sosial, iqtisadi, tibbi, təhsil yardımını davam etdirir. Qızıl Xaç Komitəsi həmçinin əhalinin mina təhlükəsizliyi haqqında maarifləndirilməsinə kömək edir.
Bununla yanaşı BQXK bildirirb ki, 2022-ci ildə bu təşkilat Yaxın Şərq regionundan (Suriya və İraq nəzərdə tutulur-red) repatriasiya olunan 198 şəxsə maliyyə yardımı göstərib. Həmçinin Yaxın Şərqdə qalmağa məcbur olan 25 şəxslə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradıb.