Accessibility links

Blinken: ABŞ sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında səyləri dəstəkləməyə sadiq qalır


Antoni Blinken (Rəsmi foto. Mənbə Dövlət Departamenti)
Antoni Blinken (Rəsmi foto. Mənbə Dövlət Departamenti)

“Amerika Birləşmiş Ştatları humanitar yüklərin Ağdam yolu və Laçın dəhlizi ilə eyni vaxtda daşınmasını alqışlayır və bunu irəliyə doğru mühüm addım hesab edir. Bu yanaşma mənim bu yaxınlarda Prezident Əliyevlə apardığım danışıqlara uyğundur”.

Bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenin bəyanatında deyilir.

“Biz tərəfləri birbaşa danışıqlara və bölgə əhalisinə humanitar yardım axınının artırılması yollarına diqqət yetirməyə təşviq edirik. Birləşmiş Ştatlar uzun müddətdir davam edən problemin həlli, layiqli və davamlı sülhə nail olmaq üçün Ermənistan və Azərbaycan arasında səyləri dəstəkləməyə sadiq qalır”, Antoni Blinken qeyd edib.

Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra BQXK-ə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.

Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələn humanitar yükləri qəbul etməyəcəklərini bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsi avqustun 18-də məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.

Sentyabrın 9-da Rusiya Qızıl Xaç Komitəsinin Qarabağın erməni icmasına göndərdiyi humanitar yük də ilkin olaraq erməni sakinlər tərəfindən qəbul edilməyib. Yalnız sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətnin humanitar yük avtomobili ermənilər yaşayan Xankəndi şəhərinə buraxılıb.

Sentyabrın 18-də isə Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan eyni vaxtda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük avtomobilləri keçib.

Forum

XS
SM
MD
LG