Accessibility links

Aİ: Yaxın günlərdə BMT missiyasının Qarabağa girişinin təmin edilməsi vacibdir


Avropa İttifaqı yaxın günlərdə BMT missiyasının Qarabağa girişinin təmin edilməsinin vacibliyini vurğulayıb, Azərbaycanın Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını bildirib.

Sentyarbın 29-u yaydığı bəyanatda Aİ-nin xarici məsələr üzrə sözçüsü Peter Stano son günlərdə Ermənistana sığınanlar da daxil olmaqla, Qarabağın erməni əhalisinə maneəsiz humanitar yardımın davam etdirilməsinə çağırıb, yaralıların, eləcə də xəstələrin təcili təxliyəsi və yerlərdə təcili yardımın göstərilməsinə yardım edən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) işini dəstəklədiyini qeyd edib.

“Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini, o cümlədən onların öz evlərində hədə-qorxu və ayrı-seçkilik olmadan ləyaqətlə yaşamaq hüququnu, habelə köçkünlərin geri qayıtmaq hüququnu təmin etmək üçün məsuliyyət daşıyır. Yaxın günlərdə BMT missiyasının əraziyə daxil ola bilməsi vacibdir”, bəyanatda vurğulanır.

Aİ həmçinin Azərbaycan hakimiyyətinin xüsusi portal vasitəsilə Ermənistan sakinlərinin qeydiyyatı prosesinin elan edilməsini “qeyd etdiyini”, hadisələrin inkişafını yaxından izləməyə davam edəcəyini bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi bu gün bildirib ki, yaxın günlərdə BMT-in müvafiq qurumlarının Qarabağ bölgəsinə səfəri həyata keçiriləcək.

“Bir neçə gün əvvəl aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək”, Nazirliyin sözçüsü Ayxan Hacızadə bildirib.

Rəsmi Bakı qeyd edib ki, səfər zamanı Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyət, infrastrukturun bərpası, qeyri-qanuni erməni silahlı qüvvələrinin tərksilahı və silah-sursatının müsadirə edilməsi prosesi, minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdiriləcək.

Son günlərdə Avropa Komissiyası və Avropa İttifaqının Almaniya və Fransa da daxil olmaqla, bir neçə üzv ölkəsi Qarabağ ermənilərinə humanitar yardım məqsədi ilə maliyyə dəstəyi ayırdıqlarını elan ediblər. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer bu həftənin əvvəlində Ermənistana səfəri zamanı 11,5 milyon dollarlıq humanitar yardım paketini elan edib.

Sentyarbın 29-u Azərbaycan hökumət nümayəndələri ilə Qarabağ ermənilərinin nümayəndələri arasında Yevlaxda növbəti görüş baş tutub. Rəsmi məlumata görə, görüşdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və Azərbaycanın bu xüsusda təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub.

Digər tərəfdən, Qarabağ ermənilərinin Ermənistana köçü davam edir. Ermənistan Baş Nazirinin sözçüsünün yerli vaxtla 16:00-da açıqladığı rəqəmlərə əsasən, Ermənistana gedən Qarabağ sakinlərin sayı 93 min nəfər təşkil edir.

Forum

XS
SM
MD
LG