Accessibility links

ABŞ Cənubi Qafqaza "Fəlakətlərə Cavab Yardım Qrupu"nu göndərir


USAID rəhbəri Samanta Pauer
USAID rəhbəri Samanta Pauer

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer Birləşmiş Ştatların ABŞ-ın humanitar yardımını koordinasiya etmək məqsədilə Cənubi Qafqaza Fəlakətlərə Cavab Yardım Qrupunu (DART) göndərdiyini açıqlayıb.

Pauer sentyabrın 28-də yaydığı bəyanatında deyib ki, Birləşmiş Ştatlar Qarabağda həssas əhalinin və Ermənistana qaçan 50 mindən çox insanın təhlükəsizliyindən dərin narahatdır. O, Ermənistan hökumətinə yeni gələn insanları xoş qarşıladığına və onlara sığınacaq tapmalarına yardım etdiyinə görə minnətdarlığını bildirib. Pauer həmçinin təcili ehtiyacları qarşılamaq üçün işləyən humanitar təşkilatlara da təşəkkürünü bildirib.

Pauerin sözlərinə görə, DART vəziyyəti qiymətləndirib, yardımı artırmaq üçün prioritet ehtiyacları müəyyənləşdirəcək və təcili ehtiyac duyulan yardımı təmin etmək üçün tərəfdaşlarla işləyəcək.

“Ötən həftə qəbuledilməz hərbi əməliyyat onsuz da pis humantar vəziyyəti daha da pisləşdirib” deyən Pauer Azərbaycanın doqquz ay boyunca “Laçın dəhlizini blok edərək” Qarabağ sakinlərini ərzaq, dərman, yanacaq və kommersiya təchizatları ilə birləşdirən mühüm yolu bağladığını və bunun ciddi qıtlıq yaratdığını bildirib.

“Laçın dəhlizi tamamilə və daimi olaraq açıq qalmalıdır ki, mülki şəxslər sərbəst şəkildə tərk edib, geri qayıda bilsinlər, icmalar ərzaq, dərman və digər zəruri təchizatları əldə edə bilsinlər və humanitar təşkilatlar yerlərdə ehtiyacları görüb, qarşılaya bilsinlər”, o deyib.

Pauerin sözlərinə görə, Azərbaycan mülki şəxsləri müdafiə etməli, öz ölkəsindəki bütün şəxslərin insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə bağlı öhdəliklərini yerinə yetirməli, qüvvələrinin beynəlxalq humanitar hüquqa riayət etmələrini təmin etməlidir.

Pauer deyib ki, ABŞ bu həftənin əvvəlində Cənubi Qafqazda davam edən böhranın təsirinə məruz qalan icmaları dəstəkləmək üçün 11.5 milyon dollarlıq humanitar yardım elan edib. O, Birləşmiş Ştatların 2020-ci ildən Qarabağdakı vəziyyətə cavab olaraq 23 milyon dollar humanitar yardım verdiyini bildirib.

“Bu vəsaitdən zorakılıq və kütləvi köçkünlük nəticəsində yaranan travmanın aradan qaldırılmasına kömək etmək üçün qidadan tutmuş psixososial dəstəyə qədər hər şeyi təmin etmək üçün istifadə olunacaq,” o deyib.

Forum

XS
SM
MD
LG