Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də Tehrana səfərə gedib.
Bu barədə yerli media məlumat yayıb.
Məlumatlarda deyilir ki, Xələfov İranın yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirəcək, ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə edəcək.
Xələf Xələfovun İrana səfəri Ermənisanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tehrana səfərindən sonraya təsadüf edir.
Qriqoryan İranın yüksək vəzifəli rəsmiləri, o cümlədən xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və ölkə prezidenti İbrahim Rəisi ilə görüşlər keçirib.
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Naser Kənani oktyabrın 2-də mətbuat konfransında deyib ki, hərbi hadisələr və hərəkətlənmələr, habelə Cənubi Qafqaz regionunda və Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması üçün qonşuluq imkanlarından istifadə edilməsi Ermənistan nümayəndəsinin müzakirə etdiyi mövzular sırasında olub.
“İran dəfələrlə Ermənistan və Azərbaycan arasında münaqişələrin siyasi yollarla həllinin vacibliyini vurğulayıb. Biz geosiyasi və beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinəyik. İnanırıq ki, Qafqazdakı problemləri əcnəbilərin müdaxiləsi olmadan, regional imkanlardan istifadə etməklə siyasi danışıqlar çərçivəsində həll etmək mümkündür”, o qeyd edib.
Türkiyə prezidentinin Zəngəzur dəhlizi ilə bağlı son açıqlamalarına münasibət bildirən Kənani deyib: “Biz bütün region ölkələrinin maraqlarını təmin edəcək şəkildə rabitə və nəqliyyat şəbəkələrinin inkişafı ilə razıyıq. Bununla belə, biz beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinə olduğumuzu bir daha vurğulayırıq”.
Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, İran Qarabağın Azərbaycana qaytarılmasını dəstəkləyir və Qafqaz üzrə “3+3” formatında regional danışıqları alqışlayır.
Kənani həmçinin qeyd edib ki, İran hökuməti Qarabağdan köçən ermənilərə humanitar yardım göndərməyi planlaşdırır.
Rəsmi nümayəndə deyib ki, Azərbaycan rəsmisinin Tehrana səfəri gündəmdədir, lakin dəqiq tarix hələ müəyyən edilməyib.
O, yaxın vaxtlarda Azərbaycanın Tehrandakı səfirliyinin işinin bərpa olunacağına ümid etdiyini bildirib.
Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, perspektivdə Azərbaycanın Tehrandakı səfirliyinin açılması və münasibətlərin normallaşması çox uzun bir prosesdir.
“Bütün bunların baş verməsi üçün İran hakimiyyətinə etimad olunmalıdır. Azərbaycan tərəfi İrana etibar və etimad etməlidir. Tehran hakimiyyəti Yasin Hüseynzadəni (Azərbaycan səfriliyinə silahlı basqın edən şəxs-red) cəzalanadıqmaqla bu mühiti yaratmağa səy göstərir, lakin zəmində hər şey fərqlidir. İran tərəfi bu məsələlərdə guya diplomatik jestlər etdiyini göstərməyə çalışsa da, bunların heç biri onların Azərbaycana qarşı münasibətinin köklü şəkildə dəyişməsi demək deyil. Bundan sonra səfirlik də açıla bilər, yaxud səfirlikdən bir qədər aşağı səviyyədə diplomatik münasibətlər də qurula bilər. Lakin münasibətlərin yaxşılaşması və normallaşması ifadələri hələlik Azərbaycan-İran əlaqələrinə uyuşmur”, o qeyd edib.
Təhlilçi hesab edir ki, Hüseynzadənin cəzalandırlması və ya edam edilməsi Azərbaycan-İran münasibətlərinin normallaşmasına, yaxud da ki, yüksək səviyyəyə qalxacağına əsas vermir.
“Çünki cinayətin istintaqı aparıldığı dövrdə Azərbaycan tərəfinin tələblərinin heç biri həyata keçirilməyib. Hadisə terror hadisəsi olsa da, İran bunu terror adlandırmayıb, cinayət işinin araşdırılmasında Azərbaycan hüquq-mühafizə orqanlarının təmsilçiləri iştirak etməyib, azərbaycanlı mütəxəssislər Tehrana dəvət edilməyib. Ona görə də bu cinayət işi Tehran hakimiyyətinin özünün doğub, göbəyini özünün kəsməsi anlamına gəlir”, o qeyd edib.
Bu arada Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidməti Azərbaycan səfirliyimizə qarşı “terror aktı törətmiş” şəxsin ölüm cəzasına məhkum edilməsi barədə mediada yayılan xəbələrin həqiqəti əks etdirmədiyini bildirib.
“Bəzi media və sosial şəbəkə səhifələrində Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin ölüm cəzasına məhkum edilməsinə dair məlumatlar yayılıb. Bildiririk ki, baş vermiş cinayət hadisəsi üzrə İrana istintaq edilən cinayət işinin gedişatı tərəfimizdən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır. Belə ki, İranın qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib. Ümidvarıq ki, iş üzrə yaxın vaxtlarda məhkəmə tərəfindən ədalətli hökm çıxarılaraq layiqli cəzanın verilməsi təmin ediləcək”, Baş Prokurorluğun Mətbuat xidməti bildirib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub. Basqın nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.
Basqından sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqını qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə basqını pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.