Accessibility links

Azərbaycan və İran hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib


Zakir Həsənov və Məhəmməd Hüseyn Baqeri (Mənbə: Müdafiə Nazirliyi)
Zakir Həsənov və Məhəmməd Hüseyn Baqeri (Mənbə: Müdafiə Nazirliyi)

Azərbaycanın müdafiə naziri Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə regiondakı vəziyyəti müzakirə edib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, avqustun 22-də Azərbaycanın müdafiə naziri Zakir Həsənovla İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqerinin təşəbbüsü ilə telefon danışığı olub.

“Tərəflər regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar. Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub”, məlumatda qeyd olunur.

Müdafiə Nazirliyi telefon danışığı barədə detallı məlumat verməyib. Həmçinin iki ölkə arasında hərbi əməkdaşlığın hansı sahələri əhatə edəcəyi bildirilmir.

İkinci Qarabağ müharibəsindən sonra (sentyabr-noyabr, 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda da davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.

İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildirib.

Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.

Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.

Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomantını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.

Son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində bir neçə telefon dasnışığı aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib.

Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.

Forum

XS
SM
MD
LG