Azərbaycan Prezidentinin Administrasiyası oktyabrın 2-də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin reinteqrasiyası ilə bağlı tədbirlər proqramını açıqlayıb.
Azərbaycan Prezidentinin Administrasiyasının məlumatında deyilir ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlanılıb.
“Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycanın reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb. Qeyd edilib ki, reinteqrasiya Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir”, məlumatda qeyd edilir.
Sənəddə etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verildiyi bildirilir.
Reinteqrasiya proqramında deyilir ki, erməni sakinlərin yaşadıqları ərazilərdə hüquqi və idarəetmə işləri Azərbaycan Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.
“Azərbaycan qanunvericiliyinə uyğun olaraq, seçkilər vasitəsilə bələdiyyələr formalaşdırılır. Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata keçirilir”, məlumatda deyilir.
Təhlükəsizlik sahəsindəki tədbirlərə gəldikdə, tərk-silah və tərxis prosesinin başa çatdırıldığı, bütün silahların sakinlərdən yığıldığı, Azərbaycan daxili işlər orqanlarının ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin etdiyi, sakinlərin daxili işlər orqanlarına işə cəlb oluna bildiyi bildirilir.
İqtisadi sahə ilə bağlı bölmədə deyilir ki, sakinlərin yaşadıqları ərazilərin fiziki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, meliorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır. Azərbaycan milli valyutasının tam tədavülə keçməsi təmin edilir.
Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirildiyi, fermerlərə subsidiyalar verildiyi və onların torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edildiyi, mülkiyyət məsələlərinin Azərbaycan qanunlarına uyğun olaraq tənzimləndiyi məlumatda qeyd edilir.
Mədəniyyət, təhsil və din sahəsi ilə bağlı bölümdə deyilir ki, sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir.
“Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur. Erməni dilinin istifadəsinə imkan yaradılır”, məlumatda qeyd edilir.
Azərbaycan Prezident Administrasiyasıınn reinteqrasiya ilə bağlı tədbirlər proqramı erməni sakinlərin Qarabağı kütləvi şəkildə tərk etməsi və Birləşmiş Millətlər Təşkilatının missiyasının vəziyyəti monitorinq etmək üçün Qarabağa gəlməsindən sonra açıqlanıb.
Ermənistan hökumətinin verdiyi məlumata görə, Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi 24 saatlıq hərbi əməliyyat nəticəsində Qarabağ separatçı qüvvələrinin təslim olmasından sonra Qarabağı 100 mindən çox erməni tərk edib. Yerevan Bakını “etnik təmizləmə”də ittiham edib. Bakı ittihamları rədd edərək, Qarabağın etnik ermənilərini evlərini tərk etməməyə və onların hüquqlarına hörmətlə yanaşacağını vəd edərək, Azərbaycana reinteqrasiya etməyə çağırıb.
Eyni zamanda, mediada oktyabrın 2-də Xankəndində Azərbaycan rəsmiləri ilə Dağlıq Qarabağın etnik erməni nümayəndələri arasında reinteqrasiya prosesinə dair danışıqların dördüncü raudunun keçirildiyi haqda məlumatlar verilir. Keçən ay Bakının regiona tam nəzarəti bərpa etməsindən sonra reinteqrasiya ilə bağlı danışıqların əvvəlki üç raundu Yevlax və Xocalı şəhərlərində baş tutub.
Sentyabrın 19-20-də Qarabağ bölgəsində keçirilmiş "lokal antiterror tədbirləri" zamanı Azərbaycanın 192 hərbçi və 1 mülki şəxsi həlak olub, o cümlədən 511 hərbçi və 1 mülki şəxsi yaralanıb. Erməni separatçı qüvvələri tərəfindən ölən və yaralananlarla bağlı dəqiq rəqəm məlum olmasa da, bunun yüzlərlə olduğu ehtimal edilir. Sentyabrın 20-də erməni tərəfi Azərbaycanın tələblərini qəbul edərək silahlı qarşıdurmanı dayandırıb. Bundan sonra Qarabağın erməni sakinləri kütləvi şəkildə Ermənistana köç edib.
Ermənistanın rəsmi qurumları hazırda Azərbaycanın Qarabağ bölgəsindəki erməni əsilli insanların böyük əksəriyyətinin Ermənistana köçdüyünü bildirir.
Rusiya Müdafiə Nazirliyinin oktyabrın 1-də yaydığı məlumata görə, Qarabağdakı sonuncu erməni əsilli insanların Ermənistana keçidini təmin edib. Sülhməramlı kontingent Teleqram kanalında bunu əks etdirən video yayıb.
Ermənistanın rəsmi məlumatına əsasən Qarabağdan Ermənistana 100520 insan köçüb. Azərbaycanın rəsmi qurumları hələ ölkə sərhədlərini nə qədər erməni əslilli insanın tərk etdiyi barədə açıqlama verməyib.
Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Amerikanın Səsinə deyib ki, bu gün yayılan rəsmi məlumatı şərh edib.
“Bu planlarda bələdiyyənin indikindən daha ciddi səlahiyyət sahibi olacağına dair mövqe hələ yoxdur. Əksinə, hər yerin yenə də hakimiyyətin icra qoluna aid xüsusi nümayəndələr tərəfindən idarə ediləcəyi bildirilir. Daha ətraflı məlumat təqdim edilmədiyindən, yaranan ilk təəssürat belədir ki, hələlik söhbət ancaq hakimiyyətin icra qolundakı dəyişiklikdən gedir. Yəni icra başçıları xüsusi nümayəndələrlə əvəzlənir.
Gözləntimiz isə bir qədər fərqlidir. Seçkili bələdiyyə şəhər və kəndləri həqiqətən idarə edən səlahiyyətli quruma çevrilməlidir. İcra qolunun təmsilçiləri isə gündəlik yerli idarəetmə orqanından daha çox bələdiyyənin öz konstitusion haqlarını aşmadığına kiçik heyətli nəzarət qurumu kimi fəaliyyət göstərsə yaxşıdır”, Məmmədov qeyd edib.
O ehtimal edir ki, hökumətin bələdiyyə islahatı planı bu ğun verilən açıqlamanın davamı olaraq tezliklə ictimai müzakirəyə çıxarılacaq.
“Bu ehtimal hökumət təmsilçilərinin son dövrlərdə etdiyi bir sıra çıxış və mülahizələrə əsaslanır”, REAL sədri deyib.