Accessibility links

Dağlıq Qarabağın keçmiş "müdafiə naziri" və "müdafiə nazirinin müavini" saxlanılıb


Dövlət Təhlükəsizliyi Xidməti
Dövlət Təhlükəsizliyi Xidməti

Ermənistan Müdafiə Nazirliyinin general-mayoru və özünü vaxtikən Dağlıq Qarabağ Respublikası adlandıran qurumun "müdafiə nazirinin müavini" Davit Manukyan həbs edilib və "müdafiə naziri" olmuş Lyova Mnatsakanyan saxlanılıb.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətinin məlumatına görə, general-mayor Davit Manukyan sentyabın 27-də Azərbaycan ərazisində saxlanılaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib, məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

"Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazilərində qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri və insanların həlak olması ilə nəticələnmiş çoxsaylı terror aktları ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq davam etdirilir. Əldə olunmuş sübutlar əsasında, Ermənistan vətəndaşı, 1971-ci il təvəllüdlü Manukyan Davit Azati tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib," məlumatda qeyd edilib.

Dövlət Sərhəd Xidməıtinin məlumatına görə, sentyabrın 29-da "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları "Azərbaycan ərazisinə qeyri-qanuni gələrək 2015-2018-ci illərdə qondarma "Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri" vəzifəsində çalışmış 1965-ci il təvəllüdlü Lyova Henrixi Mnatsakanyan Azərbaycandan Ermənistan istiqamətində hərəkət etməyə cəhd göstərərkən saxlanılıb".

Rəsmi Yerevan, o cümlədən Ermənistan Müdafiə Nazirliyi yüksək rütbəli hərbiçilərin həbsinə hələ münasibət bildirməyib.

Bununla yanaşı, Azadlıq radiosunun erməni xidməti bildirib ki, hazırda "Artsax (Qarabağ) prezidenti" Samvel Şahramanyan Azərbaycan tərəfi ilə Artsaxın hərbi-siyasi rəhbərliyinin Qarabağı təhlükəsiz tərk etməsi məsələsi ilə bağlı danışıqlar aparır.

Azadlıq radiosuna hökumətyönlü dairələrin bildirdiyinə görə, "Artsaxın üç keçmiş prezidenti - Bako Saakyan, Arkadi Qukasyan və Arayik Arutyunyan və keçmiş xarici işlər naziri, Artsax prezidentinin müşaviri David Babayan" həbs olunmaq təhlükəsi altındadır.

Bundan başqa, Reuters mənbələrinin məlumatına görə, Azərbaycanda müxtəlif ittihamlarla həbs etmək istədiyi 200-ə yaxın erməninin siyahısı var.

Cümə axşamı özünü "Dağlıq Qarabağ prezidentinin müşaviri" kimi təqdim edən David Babayan öz Facebook səhifəsində yazıb ki, o, Azərbaycanın qara siyahısına düşüb və Azərbaycan tərəfi onun müvafiq araşdırma üçün Bakıya gəlməsini tələb edir.

"Bu gün mən Stepanakertdən Şuşaya getmək qərarına gəldim" deyən David Babayan onun görünməməsinin və ya qaçmasının bir çox insana ciddi ziyan vuracağını vurğulayıb. Lakin hazırda David Babayanın artıq Bakıda olub-olmadığı məlum deyil.

Qarabağ ermənilərinin hüquq müdafiəçisi kimi tanınan Artak Beqlaryanın harada olduğu da məlum deyil. Onun artıq Ermənistanda olub-olmadığı bəlli deyil. Beqlaryan cümə günü X-də (keçmiş Twitter) mikrobloqunda prezident Samvel Şahramanyanın yanvarın 1-dək tanınmamış "Dağlıq Qarabağ respublikasının" bütün dövlət orqanlarının buraxılması haqqında fərmanını tənqid edib.

Forum

XS
SM
MD
LG