Ermənistan vətəndaşı Ruben Vardanyan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub. Bakının Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində dörd ay həbs-qətimkan tədbiri seçilib.
Sentyabrın 28-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat xidməti bildirib ki, Azərbaycanın Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddət ərzində törədilmiş çoxsaylı terrorçuluq cinayətlərinin araşdırılması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində ibtidai istintaq aparılır.
"Toplanılmış sübutlarla hazırda Ermənistan vətəndaşı olan Ruben Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib", açıqlamada bildirilir.
Məlumatda qeyd olunur ki, Ruben Vardanyan xarici ölkə vətəndaşı olduğu halda 2022-ci ilin sentyabr ayında Azərbaycanın dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz keçərək, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi əraziyə daxil olub, həmin ərazidə Azərbaycan qanunlarına zidd fəaliyyətlərə başlayıb.
Vardanyanın həyat yoldaşı Veronika Zonabend çərşənbə günü verdiyi açıqlamada erməni ictimaiyyətini ərinə dəstək olmağa çağırıb.
"On aylıq blokada dönəmində Ruben Artsax xalqı ilə çiyin-çiyinə dayanaraq məşəqqətlərə dözüb və onlarla birlikdə yaşamaq uğrunda döyüşüb", Zonabend deyib.
İttihamlar sübut olunarsa Vardanyanı 30 ilədək həbs gözləyir.
Ruben Vardanyan sentyabrın 27-də Azərbaycanın "Laçın" sərhəd-keçid məntəqəsində saxlanılıb.
O, 2022-ci ilin noyabrında tanınmamış "Dağlıq Qarabağ Respublikası"nın "dövlət naziri" təyin edilib, 2023-cü ilin fevralında vəzifəsindən kənarlaşdırılıb.
Rusiyalı iş adamı Vardanyan "Troyka Dialoq" şirkətinin təsisçisi və "Skolkovo" idarəetmə məktəbinin prezidentidir. O, 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçüb.
Forum