Accessibility links

Ruben Vardanyanın vəzifəsindən azad edildiyi bildirilir


Ruben Vandanyan
Ruben Vandanyan

Milyarder Ruben Vardanyan özünü "Dağlıq Qarabağ Respublikası"adlandıran tanınmamış qurumun "dövlət naziri" vəzifəsindən azad edilib. Bu barədə məlumatı tanınmamış qurumun rəhbəri Arayik Arutyunyan açıqlayıb.

O, "dövlət naziri" vəzifəsinə tanınmamış respublikanın "baş prokuroru" Qurgen Nersisyana təklif olunduğunu bildirib.

"Azadlıq" radiosunun erməni xidmətinin yazdığına görə, Vardanyanın istefası ilə bağlı xəbərlər Azərbaycan prezidenti İlham Əliyevin keçən həftə Münhendə irəli sürdüyü şərtdən sonra sürətlənib. Ermənistanın baş naziri Nikol Paşinyanın da iştirak etdiyi görüşdə İlham Əliyev Qarabağın erməni əhalisi ilə danışıqlara Ruben Vardanyanın "onların torpaqlarını tərk etməsi" şərti ilə hazır olduğunu bildirib.

Tanınmamış respublikanın "dövlət nazirinin" müşaviri Mesrop Arakelyan bu gün "Azadlıq" radiosunun erməni xidmətinə bildirib ki, Ruben Vardanyan istefa vermək və "Artsax"ı (erməni tərəf Qarabağı belə adlandırı) tərk etmək fikrində deyildi.

54 yaşlı Ruben Karlenoviç Vardanyan uzun illər Rusiyada biznesmen olaraq fəaliyyət göstərib. 2022-ci ilin sentyabrında Qarabağa köçmək planlarını elan edən Vardanyan Rusiya vətəndaşlığından imtina etdiyini bildirib. Bu addımdan bir ay sonra Ruben Vardanyan özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun "dövlət naziri" təyin edilib.

2021-ci ilin iyununda Ermənistan vətəndaşlığı almazdan öncə Vardanyan Rusiyada Troyka Dialoq İnvestisiya Bankının baş icracı direktoru olub.

Onun Yerevanda "Ermənistan İnkişaf Təşəbbüslər" fondu fəaliyyət göstərir. 2021-ci ildə Forbes dərgisi onun sərvətini 1 milyard dollar olaraq qiymətləndirib.

2022-ci ilin yanvarında ABŞ Nümayəndələr Palatasında təqdim olunan Putin Cavabdehlik Aktı qanun layihəsində Ruben Vardanyanın adı sanksiyalar hədəfində olan kleptokratlar siyahısında yer alıb.

XS
SM
MD
LG