Vaşinqtonda Hadson İnstitutunun baş elmi işçisi Lyuk Koffi Amerikanın Səsinə müsahibədə Qarabağda tanınmamış “Dağlıq Qarabağ respublikası”nın buraxılması, erməni sakinlərin regionu tərk etməsi, Rusiyanın Cənubi Qafqazda rolunun azalması, Azərbaycan və Ermənistan liderlərinin qarşıdan gələn görüşündən gözləntilər, Türkiyənin regionda nüfuzunun artması və Azərbaycan-Türkiyə münasibətlərini şərh edib.
Amerikanın Səsi: Regionda vəziyyət dramatik şəkildə dəyişir. Sentyabrın 28-də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən tanınmamış “Dağlıq Qarabağ respublikası”nın prezidenti Samvel Şahramanyan “Dağlıq Qarabağ respublikası”nın buraxılması haqqında fərman imzalayıb. Sənədə əsasən, rejimin tabeliyində olan bütün “dövlət qurumları” və “təşkilatlar” 2024-cü il yanvarın 1-dək ləğv ediləcək. Qarabağda vəziyyət strateji və hüquqi baxımdan necə dəyişir?
Amerikanın Səsi: Lyuk Koffi: Hüquqi baxımdan bu, Azərbaycanın ərazisi və Azərbaycanın suverenliyi olduğu gerçəkliyinə əsaslanır və buna hörmət edilməsi və bunun qəbul edilməsi lazımdır. İndi, bu anda biz Cənubi Qafqazda yeni bir mərhələni görməyə başlayırıq, burada Azərbaycan hökumətinin Qarabağın etnik ermənilərinin inteqrasiya ola bilməsi, barışığın mümkün ola bilməsi, onlara hər hansı bir Azərbaycan vətəndaşı kimi baxılacağını təmin etmə üçün çox ciddi işləməsi lazım olacaq. Bu anda bütün əlamətlər bizə onu göstərir ki, Azərbaycan hökuməti bunu etməyə hazırdır.
Bunun bölgə üçün nə demək olduğu baxımından aydındır ki, Rusiya regionda nüfuzunu itirir. Rusiya bütün bu işlərdə ən çox uduzan tərəfdir. Mən deyərdim ki, eyni şey İrana da aiddir. Bunun Ermənistan üçün hansı nəticələri olacağını zaman göstərəcək. Hesab edirəm ki, erməni xalqı yeni səhifə açmaq istəyir. Onların Avro-Atlantik birliyi ilə daha yaxın əlaqələr qurmaq istədiyini düşünürəm. Lakin Rusiya bunu çox çətinləşdirəcək. Ona görə də hesab edirəm ki, hazırda Ermənistan daxilində siyasi vəziyyət çox qeyri-müəyyəndir.
Amerikanın Səsi: Azərbaycanın hərbi əməliyyatlarından sonar sonra ertəsi gün Rusiya sülhməramlılarının vasitəçiliyi ilə atəşkəs razılığı imzalanıb. Lakin bununla belə, mümkündür, Ukraynada davam edən müharibəyə görə Rusiyanın regionda daha passiv rol oynadığı görünür. 2020-ci ildə üçtərəfli razılığın əldə olunmasından sonra Moskva 1990-cı illərdən bəri hər üç Qafqaz ölkəsində hərbi mövcudluğunu təmin etdi. Lakin indi diqqətini Ukraynada müharibəyə yönəldən Moskva Qarabağ bölgəsinə nəzarət etməkdə çətinlik çəkir. Rusiyanın Qafqazda oyunu bitirmi?
Lyuk Koffi: Bitmir, amma kəskin şəkildə azalır. Unutmayaq ki, Rusiyanın Gürcüstandakı mövcudluğu işğal xarakteri daşıyır. Rusiyanın Ermənistanda mövcudluğu dəvət xarakteri daşıyır və Rusiyanın Azərbaycanda mövcudluğu İkinci Qarabağ Müharibəsi nəticəsində zərurətdən yaranan kimi görünən mövcudluqdur. Lakin mənim söhbət etdiyim azərbaycanlılar Rusiya sülhməramlılarının getməsini istədiklərini çox aydın şəkildə bildiriblər.
Düşünürəm ki, son bir neçə ayda xüsusən də Qarabağdakı etnik ermənilərin yerli silahlı qruplaşmalarını mühafizə etmələri və Ermənistan Respublikasından Qarabağdakı etnik ermənilərə silah və minaların ötürülməsinə imkan verməklə Rusiya sülhməramlılarının daha çox işğalçı qüvvə kimi davranmağa başlaması ilə bağlı narahatlıq var. Fikrimcə, Bakıda bununla bağlı çox narahatlıq var idi. Azərbaycan artıq bir dəfə Rusiya qüvvələrinin öz ərazisindən çıxarılması ilə bağlı danışıqlar aparıb və belə görünür ki, hazırda Azərbaycanın daxilində olan Rusiya qüvvələri gələcəkdə orada olmayacaq.
Amerikanın Səsi: Bu həftə Birləşmiş Ştatlar həmçinin çox sayda etnik erməninin regionu tərk etdiyi vaxt Azərbaycanın Qarabağa beynəlxalq monitorinq missiyasının göndərilməsinə razılaşdığını alqışlayıb. Bu missiyanın hansı şəkildə olacağını düşünürsünüz? Sizin fikrinizcə, missiyanın vəzifələri nədən ibarət olacaq?
Lyuk Koffi: Bunu demək çətindir, çünki biz bu müzakirənin ilkin mərhələsindəyik. Amma mən hesab edirəm ki, Azərbaycan regionda nə qədər şəffaflıq, monitorinq və aşkarlıq göstərə bilsə, bir o qədər yaxşıdır. Qərbdə azərbaycanlıları dərhal soyqırım və digər vəhşiliklər törətməkdə ittiham edən çox sayda adam var. Lakin indi əlimizdə olan dəlillər əslində fərqli mənzərəni, fərqli bir hekayəni göstərir. Bilirsiniz ki, bu, 1990-cı illərin əvvəllərində ermənilərin azərbaycanlıları öz ərazilərindən çıxardığı vaxtdan çox fərqlidir. O zaman televiziya kameraları və videoçəkiliş aparatları çox deyildi. Hal-hazırda hər kəsin çox yüksək keyfiyyətli kameraya malik smartfonu var. Buna görə də hər şeyi çox asanlıqla sənədləşdirmək və demək olar ki, dərhal sosial mediada paylaşmaq olar. Bu isə Azərbaycanın bu yaxınlarda azad edilmiş bu ərazilərdə davranışı və fəaliyyətinin beynəlxalq ictimaiyyətin diqqətində olacağı deməkdir. Mən bunun pis bir şey olduğunu düşünmürəm. Fikrimcə, bu, yaxşı haldır, çünki azərbaycanlılar soyqırım və ya digər hərbi cinayətlər törətməyə çalışmadıqlarını, Qarabağın etnik ermənilərini Azərbaycan cəmiyyətinə inteqrasiya etmək istədiklərini dünyaya göstərə bilərlər. Beləliklə, mənim fikrimcə, gözləyib baxmaq lazımdır ki, nə olacaq. Amma indi çoxlarının proqnozlaşdırdığı ciddi humanitar fəlakətin şahidi deyilik.
Amerikanın Səsi: Dövlət Departamentinin sözçüsü Birləşmiş Ştatların prezident Əliyev və baş nazir Paşinyan arasında gələn həftə Qrenadada keçiriləcək görüşün iki ölkə arasında fikir ayrılıqlarını aradan qaldırmağa kömək edəcəyinə ümid etdiyini bildirib. Sizin bu görüşdən gözləntiləriniz nədir?
Lyuk Koffi: İlk növbədə, liderlər arasında Avropa siyasi birliyi formatında ikinci görüş olacaq bu görüş Cənubi Qafqazda müşahidə etdiyimizə bənzər böhranlarda bu kimi sərbəst strukturlaşdırılmış çoxtərəfli qrupların rol oynamasının dəyərini göstərir. Buna görə də onların Avropa siyasi birliyinin himayəsi altında yenidən görüşmələrini müsbət hal hesab edirəm.
Bu iki ölkə arasında nə qədər tez normallaşa olsa, Türkiyə və Ermənistan arasında nə qədər tez normallaşa olsa, bu, region üçün, erməni xalqı üçün, Azərbaycan xalqı üçün bir o qədər yaxşıdır. Düşünün ki, bu davam edən münaqişə ucbatından son bir neçə onillikdə region nə qədər milyardlarla dollarlıq xarici investisiyadan məhrum olub. Ermənistan davam edən dondurulmuş münaqişə səbəbindən bir çox mühüm regional infrastruktur layihələri, neft və qaz kəmərləri, dəmir yollarını, digər tranzit dəhlizlərini əldən verib. İndi bizim Cənubi Qafqazda təhlükəsizliklə bağlı dinamikanın dəyişməsini görmək imkanımız var və bunun regionda siyasi iqtisadi dəyişikliklərə gətirib çıxaracağına ümid edirik. Beləliklə, mənim Qranadadan gözləntilərim çox da böyük deyil, amma ümid edirəm ki, bu, bütün tərəflər arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq başlanğıc nöqtəsi olacaq.
Amerikanın Səsi: Bu həftə eləcə də Türkiyə prezidenti Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etmək üçün Naxçıvanda prezident Əliyevlə görüşüb. Türkiyə və Azərbaycan arasında əlaqələr möhkəmlənir. Türkiyənin İkinci Qarabağ Müharibəsi zamanı diplomatik, siyasi və hərbi dəstəyinin mühüm rolu olub. Türkiyə Rusiyanın “yaxın xaric” adlandırdığı bölgədə təsirini genişləndirməyə çalışırmı?
Lyuk Koffi: Türkiyə və Rusiya 500 ildir regional rəqiblərdir. Təbii ki, Azərbaycanla Türkiyə arasında çox sıx əlaqələr var. Ona görə də bu yaxınlarda Naxçıvanda keçirilən görüşün Türkiyə-Azərbaycan münasibətlərində yeni mərhələ və ya yeni dövr olduğunu deməzdim. Düşünürəm ki, əlaqələr artıq kifayət qədər güclüdür. Lakin Bakının nöqteyi-nəzərindən Türkiyədən Naxçıvana gedən bu kəmər müəyyən əhəmiyyət kəsb edir, çünki bu, o deməkdir ki, azərbaycanlılar Naxçıvanın təbii qaza çıxışı olduğuna əmin olmaq üçün indi etdikləri kimi iranlılarla müxtəlif qaz mübadiləsi sövdələşmələri ilə bağlı işləmək məcburiyyətində qalmayacaqlar. Bu, həm də Azərbaycan Respublikasının Ermənistan ərazisi üzərindən Naxçıvanla əlaqələndirilməsinə imkan verən Zəngəzur dəhlizinin açılması məsələsində Bakı üçün mühüm hərəkətverici amillərdən biridir. Bu, 2020-ci il atəşkəs razılaşmasının şərtlərindən biri idi. Razılaşmanın 9-cu maddəsində Ermənistanın Naxçıvandan tranzitə icazə verəcəyi bildirilirdi. 6-cı maddədə isə Azərbaycandan Laçın dəhlizi boyunca Ermənistanı Qarabağla bağlayacaq yeni yol çəkmək istənilirdi. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Ermənistan hələ də Azərbaycanla Naxçıvan arasında tranzitə icazə verməyib. Fikrimcə, Bakıda son günlər müşahidə etdiyimiz hadisələrə gətirib çıxaran məyusluğun əsas mənbələrindən biri də bu idi. Beləliklə, Azərbaycan-Türkiyə münasibətləri sağlam olaraq qalır və yaxın gələcəkdə də güclənməkdə davam edəcək.
Forum