Accessibility links

BMT missiyası bu həftəsonu Qarabağa səfər edəcək, 100 mindən çox erməni Qarabağı tərk edib


BMT missiyası bu həftəsonu Qarabağa səfər edəcək. BMT-in Humanitar Məsələlərin Koordinasiya Ofisinin (OCHA) texniki qrupu və digər agentliklərin nümayəndələrindən ibarət missiyaya OCHA-nın direktoru Rameş Rajasinqham və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vlandanka Andreeva rəhbərlik edəcək.

Bu barədə BMT Baş Katibinin sözçüsü Stefan Dujarrik sentyabrın 29-u keçirdiyi brifinqdə məlumat verib və Azərbaycan hökuməti ilə BMT-in regiona missiya göndərilməsi ilə bağlı razılığa gəldiyini deyib.

“Bildiyiniz kimi, bizim təxminən 30 ildir ki, bölgəyə çıxışımız yoxdur, ona görə bizim ora gedə bilməyimiz çox vacibdir. Orada olarkən komanda vəziyyəti yerində qiymətləndirməyə və həm yerdə qalan, həm də hərəkətdə olan insanların humanitar ehtiyaclarını müəyyən etməyə çalışacaq. Əlbəttə, hər kəsin beynəlxalq hüquqa, xüsusən də beynəlxalq insan hüquqlarına hörmət etməli olduğunu vurğulamaq vacibdir”, sözçü qeyd edib.

Stefan Dujarrik həmçinin əlavə edib ki, humanitar məsələlərlə yanaşı təhlükəsizlik məsələlərinə də xüsusi diqqət yetiriləcək.

Birləşmiş Millətlər Təşkilatı Qarabağa tanışlıq missiyasının göndərilməsilə bağlı Bakının təklifini qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də sentyabrın 29-da Azərbaycanın BMT-nin müvafiq qurumlarını Qarabağda həyata keçirilən humanitar fəaliyyətlə tanış olmaq üçün bölgəyə dəvət etdiyini bildirib.

"Bir neçə gün əvvəl aparılan antiterror tədbirlərindən sonra Azərbaycan BMT-nin müvafiq qurumlarını öz Qarabağ bölgəsinə səfərə dəvət edib. Belə bir səfər yaxın günlərdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin himayəsi altında, BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədinə (2021-2025) uyğun olaraq həyata keçiriləcək.”, - Hacızadə vurğulayıb.

Son günlərdə ABŞ, Avropa İttifaqı, Almaniya və digər bir sıra ölkələr Qarabağa beynəlxalq missiyanın göndərilməsi barədə Azərbaycana çağırışlar edib.

Birləşmiş Ştatlar və digər ölkələr mümkün insan hüquqları pozuntuları ilə bağlı narahatlıqlara görə Bakını beynəlxalq müşahidəçiləri Qarabağa buraxmağa çağırıb. Ermənistan Azərbaycanı Qarabağda etnik təmizləmə aparmaqda ittiham edir, lakin Bakı bunu qəti şəkildə rədd edir.

“Səfər (missiyaya) Azərbaycanın regionda həyata keçirdiyi cari humanitar fəaliyyətlərlə tanış olmağa imkan verəcək”, nazirliyin cümə günü verdiyi açıqlamasında bildirilir.

“Bundan başqa, müəyyən infrastrukturun bərpası, qeyri-qanuni ermənistan silahlı qüvvələrinin tərksilahı və döyüş sursatlarının müsadirəsi, həmçinin minalardan yaranan təhlükələr heyətin üzvlərinə nümayiş etdiriləcək”, məlumatda qeyd edilir.

Bu arada isə rəsmi Yerevan Qarabağdan artıq 100 min nəfərin Ermənistana keçdiyini bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyanın ofisi sentyabrın 30-da jurnalistlərə bildirib ki, rəsmilər Qarabağdan gedən 100 417 nəfərdən 81 139-nu artıq qeydiyyata alıb.

Bundan bir neçə saat öncə isə Ermənistan "etnik ermənilərin Bakı tərəfindən hədəf alınmasının" qarşısını almaq üçün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdiyini bildirib.

Ermənistan rəsmiləri etnik təmizləmə ilə bağlı narahatlıqlarını ifadə edib və humanitar fəlakətin qarşısını almaq üçün beynəlxalq çağırışlarını artırıblar.

Bakı isə bu iddiaları qəti şəkildə rədd edir.

Azərbaycan Xarici İşlər Nazirliyi sentyabrın 28-də verdiyi açıqlamada erməniləri Qarabağda qalmağa çağırıb.

“Biz erməni sakinləri evlərini tərk etməməyə və Azərbaycanın çoxmillətli cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”, nazirliyin bəyanatında deyilir.

Forum

XS
SM
MD
LG