"İndi təbii ki, üçtərəfli görüş təklifimizi onlara çatdırmışıq. Amma bu məsələdə biz üçlü yox, dördlü təklif etdik. Yəni bu yerlərə heç bir aidiyyəti olmayan liderlərlə deyil, Rusiya lideri cənab Putinlə, Azərbaycan Prezidenti cənab Əliyevlə, mənim və hazırda məsələ ilə məşğul olan Ermənistanın baş naziri Paşinyanla dördlük olaraq belə bir görüş keçirək".
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının 78-ci Baş Assambleyasının müzakirələrində iştirak etmək üçün ABŞ-a yola düşməzdən əvvəl hava limanında Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
"Elə təklif verdik ki, addımı da ona uyğun ataq. Hələlik heç bir müsbət və ya mənfi rəy almamışıq. Biz cənab Əliyevlə bu məsələni daha sonra müzakirə edəcəyik və hadisələri yaxından izləyəcəyik", Ərdoğan qeyd edib.
Azərbaycan iyun ayının 15-də Laçın sərhəd məntəqəsində baş verən silahlı insidentdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsinə Laçın yolu ilə tibbi təxliyələrin davam etdirilə biləcəyini bildirib, humanitar yardımların isə Ağdam-Xankəndi yolu vasitəsilə çatdırılmasını təklif edib.
Buna cavab olaraq Qarabağ ermənilərinin təmsilçiləri Ağdamdan Xankəndinə gedən yolu bağlayaraq, Azərbaycandan gələn humanitar yükləri qəbul etməyəcəklərini bildirib.
Beynəlxalq Qızıl Xaç Komitəsi avqustun 18-də məlumat yayaraq Qarabağdakı erməni əhaliyə tibbi ləvazimatların ən son tədarükünün iyulun 7-də, ən son qida tədarükünün isə iyunun 14-də baş tutduğunu bildirib və humanitar yardımların çatdırılmasını bərpa etmək üçün tərəfləri razılığa gəlməyə çağırıb.
Sentyabrın 9-da Rusiya Qızıl Xaç Komitəsinin Qarabağın erməni icmasına göndərdiyi humanitar yük də ilkin olaraq erməni sakinlər tərəfindən qəbul edilməyib. Yalnız sentyabrın 12-də Rusiya Qızıl Xaç Cəmiyyətnin humanitar yük avtomobili ermənilər yaşayan Xankəndi şəhərinə buraxılıb.
Ermənistan-Azərbaycan münaqişəsində 2020-ci il noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla aktiv döyüş əməliyyatları dayandırılıb. Bununla yanaşı münasişəyə yekun vuracaq sülh sazişi hələ bağlanmayıb. Hazırda sülh prosesi üzrə Rusiya liderinin, Avropa İttifaqı liderinin və ABŞ Dövlət katibinin vasitəçiliyi ilə danışıqlar aparılır. Bununla yanaşı geniş aktiv hərbi əməliyyatlar olmasa da vaxtaşırı lokal döyüşlər və atışmalar qeydə alınmaqdadır. Hazırda isə müşahidəçilər vəziyyəti gəgin kimi qiymətləndirir.