Vaşinqtonda sülh danışıqları başlayıb, Antoni Blinken Ceyhun Bayramov və Ararat Mirzoyanla görüşüb

Ceyhun Bayramov, Antoni Blinken və Ararat Mirzoyan (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

İyunun 27-də Birləşmiş Ştatların vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının növbəti raundu başlayıb. ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla danışıqların açılışında iştirak edib. Danışıqlardan öncə Blinken xarici işlər nazirləri ilə təkbətək görüşlər keçirib.

Azərbaycan Xarici İşlər Nazirliyi Twitter səhifəsində dövlət katibi Antoni Blinkenin ABŞ-da işgüzar səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanı ikitərəfli danışıqların növbəti raundunu keçirmək üçün qarşıladığını bildirib.

Nazirlik həmçinin ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün fotolarını yayıb.

Görüşlər Virciniya ştatında, Arlinqtonda Dövlət Departamentinin Diplomatik Xidmət İnstitutunun Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində keçirilir.

Dövlət Departamentinin məlumatına görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu iyunun 29-dək davam edəcək.

"Biz danışıqların sabah, çərşənbə axşamı başlayacağını və bu həftənin cümə axşamına kimi davam edəcəyini gözləyirik. Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcək və həftə ərzində daha ətraflı məlumat əldə edəcəyik. Əlbəttə, müzakirə etmək istədiyimiz bir sıra məsələlər var. Mən onları açıq şəkildə demək fikrində deyiləm. Onlar çox vacibdir. Burada həssas diplomatik müzakirələr aparılacaq. Biz sülhün əlçatan olduğuna inanırıq. Birbaşa dialoq, qalan məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır", ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller iyunun 26-də keçirilən brifinq zamanı bildirib.

Ceyhun Bayramov, Antoni Blinken və Ararat Mirzoyan (Mənbə: Azərbaycan Xarici İşlər Nazirliyi)

Vaşinqton danışıqları Azərbaycan və Ermənistanın şərti sərhəd xəttində, həmçinin erməni icmasının yaşadığı Azərbaycanın suverenliyində olan ərazilərdə qarşılıqlı atışmaların baş verdiyi bir vaxta təsadüf edir. Həmçinin iyunun 15-də Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhəd xəttində qarşılıqlı atışma olub.

ABŞ-da Azərbaycan və Ermənistan arasında danışıqların birinci raundu mayın 1-dən 4-dək keçirilib. Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında dörd gün davam edən sülh danışıqları baş tutub.

ABŞ Dövlət katibi Antoni Blinken Vaşinqton görüşünün yekununda qeyd edib ki, iki tərəf "çox mürəkkəb" məsələləri müzakirə edib və dayanıqlı sülh razılaşması istiqamətində "ciddi irəliləyişə" nail olub.