İyunun 25-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, telefon danışığı zamanı Azərbaycanla İran arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib.
“İkitərəfli və regional əlaqələrə dair bir sıra istiqamətlərdə, o cümlədən iqtisadi və nəqliyyat layihələri ilə bağlı iki ölkənin aidiyyəti qurumları və rəsmiləri arasında baş tutmuş danışıqların və qarşılıqlı təmasların vacibliyi qeyd olunub. Bununla yanaşı, ikitərəfli gündəlikdə duran həlli zəruri olan məsələlərə dair danışıqların davam etdirilməsinin və onların həllinin əhəmiyyəti vurğulanıb”, məlumatda deyilir.
Nazirlik bildirir ki, telefon danışığı zamanı həmçinin bir sıra çoxtərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İran Xarici İşlər Nazirliyinin məlumatında isə deyilir ki, ikitərəfli və regional münasibətlərin bir sıra istiqamətləri, o cümlədən iqtisadi və nəqliyyat layihələri üzrə iki ölkənin müvafiq strukturları və rəsmiləri arasında aparılan danışıqların və qarşılıqlı təmasların əhəmiyyəti qeyd edilib. Bununla yanaşı, ikitərəfli gündəlikdə duran məsələlər üzrə danışıqların davam etdirilməsi və onların həllinin vacibliyi vurğulanıb.
Bayramov və Əmir Abdollahian bundan öncə aprelin 8-də, 14-də, iyunun 8-də telefon danışığı aparıb. Telefon danışıqları zamanı iki ölkə arasındakı son gərgin durum müzakirə edilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, nazirlər arasında baş tutmuş danışıqlar zamanı iki ölkə arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb.
“Cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfirliyimizin işinin bərpa olunması məsələsinə gəldikdə qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırılacağını gözləyir. Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir,” Azərbaycan Xarici İşlər Nazirliyi qeyd edib.
İkinci Qarabağ Müharibəsindən sonra (sentyabr-noyabr 2020-ci il) İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb və hazırda davam edir. Müharibədən sonra İran Azərbaycanla sərhəddə azı iki hərbi təlim keçirib. İran rəsmiləri Azərbaycanı hədələyici bəyanatlarla çıxış edib. Buna cavab olaraq Azərbaycan da İranla sərhəddə iki dəfə hərbi təlimlər keçirib.
2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub. Hücum nəticəsində diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb. Tehran polisi şübhəli şəxsi həbs etdiyini bildirib.
İran rəsmiləri yanvarın 27-də baş verən hadisəni pisləyib və silahlı şəxsin siyasi deyil, şəxsi motivi olduğunu bildiriblər.
Azərbaycan prezidenti İlham Əliyev silahlı hücumu terror aktı kimi qiymətləndirib.
Hücumdan sonra İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Tehrandakı səfirliyinin diplomatik fəaliyyətini tamamilə dayandırıb, ölkədəki bütün diplomatlarını çıxarıb.
Bundan sonra aprelin 6-da Azərbaycan İran səfirliyinin 4 diplomatını ölkədən çıxarıb. İran isə mayın 5-də Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun 4 əməkdaşını ölkədən çıxardığını bildirib.
Beynəlxalq ictimaiyyət Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qınayıb və İrana Cenevrə Konvensiyasına uyğun olaraq ölkədəki xarici diplomatların qorunmasına dair öhdəliyini xatırladıb.
Birləşmiş Ştatlar Azərbaycanın Tehrandakı səfiriyinə hücumu pisləyib, diplomatlara və diplomatik nümayəndəliklərə qarşı hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.
Eyni zamanda, bu ilin martında Almaniyadan İrana səyahət edən Azərbaycan vətəndaşı Fərid Səfərli bu ölkədə casusluq ittihamı ilə həbs edilib.