Accessibility links

Fuad Şahbazov: Azərbaycan və Türkiyə liderləri yeni dönəmdə müttəfiqliyin güclənəcəyinə dair siqnallar verdilər


Prezident Rəcəb Tayyib Ərdoğan yenidən Türkiyə lideri seçildikdən sonra ilk xarici səfəri çərçivəsində iyulun 13-də Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli və çoxtərəfli görüşlər keçirib. Türkiyə və Azərbaycan prezidentləri birgə mətbuat konfransında iki ölkə arasında dostluq münasibətlərinin daha da gücləndirilməsinə söz veriblər. Təhlilçilər seçkilərdən sonra prezident Ərdoğanın hakimiyyətdə yeni dönəmində Türkiyənin Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında rolunun güclənməsi ilə bağlı gözləntilərin artdığını qeyd edirlər. Siyasi təhlilçi Fuad Şahbazov Amerikanın Səsinə müsahibədə Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinin yeni dönəmində Türkiyənin Azərbaycanla münasibətlərdə müttəfiqlik əlaqələrinin gücləndirilməsinin prioritetlər sırasında olduğunu bildirib.

“Hər iki prezidentin mətbuat konfransı zamanı birgə bəyanatlarında hər iki tərəf Şuşa Bəyannaməsinin, Azərbaycan və Türkiyə arasında olan müttəfiqlik prinsiplərini və müttəfiqliyin əhəmiyyətini xüsusi olaraq vurğuladır ki, bundan sonrakı dönəmdə də Azərbaycan və Türkiyənin müttəfiqliyinin daha da güclənəcəyinə dair müəyyən siqnallar verdilər.”

Fuad Şahbazov: Azərbaycan və Türkiyə liderləri yeni dönəmdə müttəfiqliyin güclənəcəyinə dair siqnallar verdilər
please wait

No media source currently available

0:00 0:12:44 0:00

Fuad Şahbazov prezident Ərdoğanın Bakıya səfəri zamanı regional təhlükəsizliklə bağlı mesajlar verdiyini, Türkiyənin Azərbaycanın siyasi və hərbi baxımdan ən böyük dəstəkçisi olaraq qaldığını qeyd edib.

“Bildiyiniz kimi, məhz prezident Ərdoğanın prezidentliyi dövründə Azərbaycan və Türkiyə əməkdaşlığı strateji müttəfiqlik səviyyəsinə gəlib və çatıb və sonradan bu strateji müttəfiqlik rəsmi formada, rəsmi qaydada yeni bir sənəddə öz əksini tapıb. Bakı səfəri zamanı prezident Ərdoğanın məhz İlham Əliyevə verdiyi mesajlar da daha çox regional təhlükəsizliklə bağlı mesajlar idi. Çünki Azərbaycanın nöqteyi-nəzərindən burada əsas maraq, yəni Türkiyə ilə strateji müttəfiqlikdə əsas maraq təbii ki, Qarabağ məsələsinin birdəfəlik həll olmasıdır və bu məsələdə aydındır ki, Azərbaycanın ən böyük dəstəkçisi siyasi olaraq və hərbi olaraq təbii ki, Türkiyədir. Və Azərbaycan hökuməti də belə qənaətdədir ki, prezident Ərdoğanın növbəti beş il müddətində ofisdə qalması növbəti beş ildə Azərbaycan üçün çox kritik əhəmiyyət daşıyır, həm regional təhlükəsizlik baxımından, həm də Qarabağ məsələsinin həlli və sülh prosesinin Azərbaycanın lehinə tamamlanması baxımından.”

Türkiyədə seçkilərdən sonra prezident Ərdoğan yeni dönəmdə daxili və xarici siyasətdə təhlilçilərin islahatlara işarə adlandırdığı addım ataraq, kabinetində bir sıra dəyişikliklər edib. Ekspertlər xarici siyasətdə Ankaranın regional rolunun genişləndirilməsinin prioritet olaraq qalacağını gözlədiklərini bildirirlər. Fuad Şahbazov yeni dönəmdə Türkiyənin Qafqaz regionunda siyasətində ciddi dəyişiklərin baş verəcəyini düşünmədiyini və “mühafizəkar mövqeyin dəyişməz olaraq” qalmaqda davam edəcəyini bildirib. Onun sözlərinə görə, Türkiyə bundan sonra daha dinamik və aktiv regional siyasət yürüdəcək.

“Prezident Ərdoğan kifayət qədər ambisiyalı siyasi fiqurdur və məhz onun hakimiyyəti illərində Türkiyənin populist xarici siyasət yeritməsi həm Yaxın Şərq, həm Qafqaz, həm də Mərkəzi Asiya regionunda daha çox Türkiyənin “yumşaq güc” faktorunun gücləndirilməsi ilə yadda qalır və düşünürəm ki, bundan sonrakı beş ildə də biz bunun şahidi olacağıq.”

Bir sıra təhlilçilər xüsusilə də 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra Türkiyənin Cənubi Qafqaz regionunda nüfuzunun artdığını, İranın rolunun isə azaldığını qeyd edirlər. Fuad Şahbazov Türkiyə və İranın regionda ənənəvi olaraq nüfuz uğrunda əsas geosiyasi rəqiblər olaraq qaldığını vurğulayıb. Lakin onun sözlərinə görə, bu rəqabət Azərbaycan və İran arasında münasibətlərin dinamikasından fərqli və “daha sakit” dinamikaya malikdir. Bununla belə, təhlilçi prezident Ərdoğanın Zəngəzur dəhlizi ilə bağlı bunun “Azərbaycan və Ermənistan arasında problem deyil, Azərbaycan və İran arasında problem” olduğuna dair açıqlamalarını rəsmi Ankara tərəfindən İranın rəsmi mövqeyinin açıq şəkildə tənqidi olduğunu düşündüyünü deyib.

“Bu, artıq özü-özlüyündə rəsmi Ankaranın İranın Cənubi Qafqazla bağlı mövqeyinə tənqidi yanaşmasının bir göstəricisi idi. Çünki Türkiyə tərəfi inanır ki, İranın Azərbaycana qarşı apardığı bu hibrid müharibə strategiyası kifayət qədər destruktiv nəticələrə gətirib çıxara bilər və Türkiyə birmənalı olaraq bunda maraqlı deyil.”

Təhlilçinin sözlərinə görə, Türkiyə regionda İrana qarşı çəkindirici rol oynamağa davam edəcək. O, eyni zamanda İran və Azərbaycan arasında son zamanlarda münasibətlərdə gərginliklərdən sonra İranın Azərbaycanda nüfuzunun “müasir tarixdə ən minimum səviyyəyə” endiyini qeyd edib.

Bir sıra ekspertlər həmçinin Moskvanın hazırda əsas diqqətini Ukraynada müharibəyə yönəltdiyi bir şəraitdə regionda tarixən güclü təsirə malik olan Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının zəiflədiyinə inandıqlarını bildirirlər. Fuad Şahbazov Türkiyə və Rusiya ilə nüfuz uğrunda rəqabətə toxunaraq, Moskva və Ankara arasında bir sıra bölgələrdə tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu, lakin İraq, Suriya, Cənubi Qafqazda və Ukraynada Türkiyə və Rusiyanın maraqlarının toqquşduğunu qeyd edib.

“Türkiyə və Rusiya arasında əməkdaşlıq müəyyən mənada təzadlı əməkdaşlıqdır. Çünki hər iki ölkə arasında daha çox şəxsi münasibətlər, prezident Ərdoğanla prezident Putin arasında şəxsi münasibətlər üzərində qurulmuş münasibətlərdir. Amma ümumilikdə götürsək, Rusiyanın milli maraqları və Türkiyənin milli maraqları bir neçə regionda, bir neçə məsələ üzərində toqquşur.”

Fuad Şahbazovun bildirdiyinə görə, Türkiyənin beynəlxalq sanksiyalar altında olan Rusiyaya münasibətdə tərəfdaş kimi qalması və bu funksiyanı yerinə yetirməsi hazırkı dönəmdə Moskva üçün mühüm rol oynayır.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG