Azərbaycan və Ermənistanın delimitasiya olunmamış şərti sərhəd xəttində qarşılıqlı atışmalar davam edir.
İyunun 15-də tərəflər yeindən atəşkəsi pozmaqda bir-brini günhlandırıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə iyunun 15-də Ermənistan ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin məlumatında isə deyilir ki, iyunun 15-də Azərbaycan sərhəd xidmətinin bir qrup hərbi qulluqçusu Ermənistan ərazisində bayraq sancmaq məqsədilə Xakari (Həkəri) körpüsünə doğru irəliləməyə cəhd göstərib.
“Ermənistan tərəfinin həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan hərbçilərinin irəliləyişinin və Ermənistan ərazisində bayrağın sancılması cəhdinin qarşısı alınıb,” məlumatda deyilir.
Azərbaycan və Ermənistan hərbi strukturları Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində bir-birinin mövqelərini atəşə tutmaqda günahlandırıb.
Azərbaycan Xarici İşlər Nazirliyi Laçın dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı "hərbi təxribatı" qətiyyətlə pisləyib.
“Bu hərbi təxribat Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz olmaqla yanaşı, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıyır,” Xarici Işlər Nazirliyinin bəyanatında deyilir.