Accessibility links

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda rəsmi səfərdədir


İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan (Mənbə: Türkiyə Prezident Administrasiyası)
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan (Mənbə: Türkiyə Prezident Administrasiyası)

Azərbaycana dövlət səfərinə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə görüşü olub.

Türkiyə Prezidentini xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, AK Partiya sədrinin müavini və partiya sözçüsü Ömər Çelik, Prezident Aparatının Kommunikasiyalar direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Cumhurbaşkanlığı Müdafiə Sənayesi Başçısı Haluk Görgün, AK Partiya Ümumi Başçı Köməkçisi Binəli Yıldırım və Sinan Oğan müşayiət edir.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Türkiyə-Azərbaycan birliyi, qardaşlığı beynəlxalq faktordur, sabitlik, inkişaf və təhlükəsizlik faktorudur.

“Prezident seçkilərində türk xalqının Sizə göstərdiyi inam bir daha Sizin uzun illər ərzində Türkiyə xalqına göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Siz bilirsiniz ki, Sizi Azərbaycanda, çox sevirlər. Siz bizim əziz qonağımızsınız”, Əliyev qeyd edib.

Görüşlərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər.

Bəyanatların əsas leytmotivi regional təhlükəsizlik, iqtisadiyyat, hərbi, hərbi sənaye, nəqliyyat, enerji, təhsil, elm və digər sahələrdə əməkdaşlıq olub.

Prezident İlham Əliyev ilk olaraq Türkiyədə keçirilən seçkilərdən danışıb.

“Sizin liderliyinizlə qardaş Türkiyə böyük və şərəfli yol keçib. Dünya miqyasında böyük güc mərkəzinə çevrilib. İstər xarici siyasət sahəsində, istərsə də daxili siyasət sahəsində apardığınız siyasət Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir. Sizin qələbəniz Azərbaycan xalqını da çox sevindirib. Əminəm ki, bu seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır", o qeyd edib.

Əliyev 2021-ci ilin iyununda Türkiyə və Azərbaycan arasında Şuşa şəhərində imzalanan bəyannaməni yada salaraq deyib ki, Şuşa Bəyannaməsi tarixi anlaşmadır.

“Bu Anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldu”.

Onun sözlərinə görə Türkiyə və Azərbaycan xarici siyasət sahəsində bundan sonra da vahid mövqedən çıxış edəcək.

“Bizim xarici siyasətlə əlaqədar apardığımız birgə fəaliyyət bölgə üçün də çox böyük önəm daşıyır”.

Azərbaycan Prezidenti danışıqlarda müdafiə və müdafiə sənayesi sahəsində gələcək planların da diqqət mərkəzində olduğunu deyib.

“Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcək. Onlardan da artıq 6-sı keçirilib”, Azərbaycan Prezidenti bildirib.

Əliyev deyib ki, Azərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edir.

“Biz bunu əyani şəkildə görürük. Bu dəstəyə görə də Sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bugünkü dünyada güc faktoru ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı. Nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə də bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü daha da artıracaq. Həm bölgədə, həm də dünyada”, o qeyd edib.

Prezidident Əliyev iki ölkə arasında ticarət əlaqələrindən danışarkən deyib ki, ticarət dövriyyəsi illik 6 milyard ABŞ dollarına yaxınlaşıb və bu sürətlə artır.

“Artımı birlikdə həyata keçirəcəyimiz layihələr təmin edəcək. Azərbaycanın Türkiyəyə xüsusilə təbii qaz ixracı artmaqdadır. Bu rəqəm ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq ”.

Prezidentlər yaxın gələcəkdə Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlamasını təmin ediləcəyini bildirib.

Prezident Ərdoğan deyib ki, Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək. Onun sözlərinə görə, Zəngəzur dəhlizi, dəmir yolu, avtomobil yolu mühüm əhəmiyyət daşıyır.

“Zəngəzur dəhlizi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına töhfə verəcək. Yol mədəniyyətdir. Yol yoxdursa, heç bir şey yoxdur. Azərbaycanın da müharibədən sonra üzərində həssas durduğu məsələ infrastruktur, yollardır. Bütün tunellər, çəkilən yollar Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini göstərir. 20 il əvvəl Bakını və indi də Qarabağı düşünürəm ”, o qeyd edib.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə şirkətləri Azərbaycanda nəqliyyat sahəsində infrastruktur layihələrini uğurla həyata keçirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı həmçinin deyib ki, “Türkiyə Şuşada Baş Konsulluğunu istədiyiniz vaxt açmağa hazırdır".

“İnşallah, Şuşadakı baş konsulluğumuz açılsa, bu, təbii ki, başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaq”, Türkiyə Prezidenti bildirib.

Müşahidəçilərin fikrincə, 2020-ci ildə azad edilmiş Azərbaycanın Şuşa şəhərində Türkiyə Baş Konsulluğunun açılması tez bir zamanda baş tutmaya bilər. Belə ki, Şuşa şəhərinə hələ yerli sakinlər qayıtmayıb. Hazırda şəhərdə bərpa-qurma işləri davam etdirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçildikdən sonra ilk xarici səfərini 12-13 iyunda Şimali Kipr Türk Respublikasına və Azərbaycana edib.

Türkiyə Prezidentinin ofisinin mətbuat üçün açıqlamasında Şimali Kipr Türk Cümhuriyyətinə səfər zamanı görüşlərdə ikitərəfli, regional və qlobal məsələlərin müzakirə edildiyi, atılacaq addımlar ətrafında fikir mübadiləsi aparıldığı, həmçinin ikitərəfli münasibətlərdə baş verən proseslərin diqqət mərkəzində olduğu deyilir.

Açıqlamada bildirilib ki, Prezident Ərdoğanın Azərbaycana səfəri çərçivəsində görüşlərində yeni dövrdə Türkiyə-Azərbaycan münasibətlərini yaxşılaşdıracaq əməkdaşlıq imkanları ilə yanaşı, beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

XS
SM
MD
LG