İranda casusluq ittihamı ilə həbs edilən Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun azad edilməsinə kömək edilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova özünün Facebook səhifəsində yazıb.
Bu ilin fevralın 20-də Almaniyadan İrana getdikdən sonra barəsində məlumat olmayan Azərbaycan vətəndaşı Fərid Səfərlinin iyunun 1-də bu ölkədə casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Oğlunun casusluq ittihamı ilə həbsi barədə Azərbaycan Xarici İşlər Nazirliyi Əsgərovaya məlumat verib.
“Üç aydir İrana dostunu görməyə gedən oğlum Səfərli Fəriddən xəbər ala bilmirəm. Dunən Azərbaycan Xarici İşlər Nazirliyi mənə ünvanladığı məktubda oğlumun İranda casusluq ittihamı ilə saxlanıldığını bildirib. Mən bu ittihamı rədd edirəm. Duşunurəm ki, Fərid iki olkə arasındakı konfliktin qurbani olub”, müraciətdə qeyd edilir.
Ana Birinci vitse-prezidentə müraciət edərək bildirir ki, Fərid Səfərli onun oğlu ilə tələbə yoldaşı olub.
“Mehriban xanim Fərid oğlunuz Heydərlə yaşıddır və ADA universitetində tələbə yoldaşı olublar. Siz bir ana kimi məni daha yaxşı anlayarsınız”, o qeyd edib.
Əsgərova ölkə prezidentindən xahiş edir ki, oğlunun azad edilməsinə kömək etsin.
“Cənab Prezident, Fərid İranda mudafiəsiz ittiham olunur. Sizdən çox xahiş edirəm Fəridin vəkillə təmin olunmasına, mənim onunla görüşməyimə imkan yaradılması üçün kömək edəsiniz. Mən onun ucun cox darıxıram, onu görmək, bagrıma basmaq istəyirəm. İnanıram ki, Siz Azərbaycan dovləti adina Fəridi mudafiə edəcəksiniz və ailəsinə qovuşmasına nail olacaqsınız”, Əsgərovanın müraciətində deyilir.
Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlaması
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Amerikanın Səsinin sorğusuna cavabda bildirib ki, nazirlik Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni 9 mart tarixindən etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İran tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə, müvafiq olaraq İranın Azərbaycandakı səfirliyinə nota ünvanlayıb.
“Tərəfimizdən edilmiş çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Səfərlinin ailəsinə müvafiq məlumat verilib. Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən həm Xarici İşlər Nazirliyi tərəfindən, həm də Təbrizdəki Baş konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılmaqdadır.
Bununla yanaşı, Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür”, Hacızadə qeyd edib.
Rəsmi məlumata görə Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.
Dilarə Əsgərova Amerikanın Səsinə bildirib ki, bir müddət əvvəl Fərid Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.
"Xanımın praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu xanımın vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib", o qeyd edib.
Əsgərova martın son günlərində İranda oğlunu axtarıb, amma oğlu ilə bağlı məlumat əldə edə bilməyib. Bundan sonra ana martın 31-də İranın Azərbaycandakı səfirinin müavini ilə görüşüb.
İran höküməti rəsmi açıqlama verməyib
Bu məsələ ilə bağlı İran höküməti rəsmi açıqlama verməyib. Öz növbəsində İranın Azərbaycandakı səfirliyi Amerikanın Səsinə sorğusuna cavabda bildirib ki, İranın rəsmi qurumləri və şəxsləri Amerikanın Səsinə müsahibə vermir.
Azərbaycanın İrandakı səfirliyinin keçmiş diplomatı, Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri Sədrəddin Soltan Amerikanın Səsinə deyir ki, Fərid Səfərlinin casusluqda ittiham edilməsi İran rejiminin ölkəsinə səfər etmiş xarici ölkə vətəndaşlarına qarşı apardığı qarayaxmanın göstəricilərindəndir.
Your browser doesn’t support HTML5
“Tehran hakimiyyəti əcnəbi vətəndaşları ya həbs edir, ya təqib edir, yaxud bir sıra hallarda edam edir. Bu yaxınlarda Böyük Britaniyanın vətəndaşı İran Müdafə nazirliyinin keçmiş müavinin edam olunması buna sübutdur. Odur ki, İranın bu məsələdə yəni Fərdi Səfərlini casusluqda ittiham etməsi də təbii ki, qərəzlidir və İran Azərbaycan münasibətlərinin göstəricilərindəndir”o bildirib.
Onun fikrincə Azərbaycan-İran arasında olan münasibət bu gün də gərgin olaraq qalır.
“İran hələ də Azərbaycanın irəli sürdüyü şərtlərə əməl etməyib. Xüsusilə Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı Rəsmi Bakının Tehran qarşısında irəli sürdüyü şərtlərin heç birinə əməl edilməyib. Eləcə də İran hakimiyyəti Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin pozulması və imzalanmaması üçün bütün pozuculuq fəaliyyətini davam etdirir. Azərbaycanın şərtlərindən biri də, İranın Cənubi Qafqazda pozuculuq fəaliyyətini dayandırılması idi” ekspert bildirib.