Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş keçirilib

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş (Foto facebook-dan götürülüb)

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs olan Milli Məclisin deputatı Ramin Məmmədov martın 1-də Xocalı şəhərində, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.

Bu barədə deputatın özü görüşdən sonra Amerikanın Səsinə deyib.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssisləri, təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.

Onun sözlərinə görə, görüşdə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.

Ramin Məmmədov bildirib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinləri ilə təmaslar davam etdiriləcək.

Özünü Artsax (Qarabağ) prezidentinin mətbuat katibi kimi təqdim edən Lusine Avanesyan Armenpress agentliyinə bildirib ki, martın 1-də Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Artsax və Azərbaycan rəsmi nümayəndələrinin növbəti görüşü baş tutub.

"Humanitar və infrastruktur məsələləri, xüsusən də Laçın dəhlizi ilə nəqliyyat vasitələrinin maneəsiz keçidinin bərpası, Ermənistandan Artsaxı təmin edən elektrik xəttinin bərpası, təbii qazın fasiləsiz verilməsi, eləcə də Kaşen (Dəmirli-red) yatağının istismarı ilə bağlı müzakirələr aparılıb. Gündəlikdə başqa məsələ yox idi. Ümid edirik ki, nəticələr özünü çox gözlətməyəcək", mətbuat katibi bildirib.

Xocalıda görüş Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən bir gün sonraya təsadüf edir.

Belə ki, 2022-ci il dekabrın 12-dən başlayaraq Azərbaycan qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşa şəhərinin ətrafında Rusiya sülhməramlılarının postu qarşısında davamlı etiraz aksiyası keçirir.

Aksiya iştirakçıları azərbaycanlı mütəxəssislərin Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmasını tələb edir.

Fevralın 28-də Azərbaycan və Rusiya xarici işlər nazirlərinin birgə mətbuat konfransında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın və Ermənistanın sərhədində nəzarət-buraxılış məntəqələrinin qurulması ilə bağlı təklifini diqqətə çatdırıb.

"Nəzarət məntəqələri Laçın yolu ilə yüklərin, mülki şəxslərin hərəkətinin şəffaflığını təmin edə biləcək", nazir qeyd edib.

Bu zaman Sergey Lavrov bildirib ki, Laçın yolunun rejimi və onun funksiyası ən birinci üçtərəfli bəyanata - 10 noyabr 2020-ci il bəyanatına tam uyğun olmalıdır.

"Laçın dəhlizindən istisnasız olaraq mülki və humanitar yüklərin və mülki vətəndaşlarının hərəkətinin təmin olunması vacibdir. Biz hər şeydən əvvəl sülhməramlı kontingentin xətti ilə buna nail olmağa çalışırıq. Orada hansısa nəzarət-buraxılış məntəqələrinin yaradılmasına baxılmır. Lakin dəhlizin təyinatı üzrə fəaliyyət göstərməməsi şübhəsini texniki vasitələrlə aradan qaldırmaq imkanı var ", o bildirib.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın yolu vasitəsi ilə Azərbaycan ərazisinə piyada əlethinə minaların, hərbi yüklərin və hərbi kontingentin daşındığını iddia edir. Belə ki, rəsmi məlumatlara görə, Azərbaycan ərazilərində Ermənistanda 2021-ci il istehsal olunan yüzlərlə mina aşkarlanıb. Rəsmi Yerevan bu məlumata hələ şərh verməyib.

Azərbaycan tərəfi Azərbaycan və Ermənistanın qarşılıqlı şəkildə sərhədlərdə keçid məntəqələrinin təşkillini təklif edir.