Accessibility links

Dövlət Departamenti: ABŞ Ermənistan və Azərbaycana çox çətin məsələlərin həllinı tapmaqda kömək etmək istəyir


Ned Prays
Ned Prays

ABŞ Dövlət Departamenti Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında görüş formatını dəstəklədiyini bir daha təsdiqləyib.

Dövlət Departamentinin sözçüsü Ned Prays fevralın 23-də ənənəvi brifinqdə bildirib ki, Avropa İttifaqının prezidenti Şarl Mişeldən son həftələrdə gördüyümüz irəliləyişi davam etdirmək üçün tərəflərin Brüsseldəki görüşlərini davam etdirmək təklifi var.

“Başa düşdüyüm qədər, tərəflərə dəvət göndərilib. Son qərar bizim erməni və azərbaycanlı tərəfdaşlarımızın üzərinə düşür. Onlar belə bir görüşdə iştirakın mümkünlüyünü deməlidirlər”.

Eyni zamanda o, Rusiyanın son həftələ Qərbin danışıqlar prosesində rolu ilə bağlı tənqidlərini rədd edib.

“Ümid edirik ki, son həftələrdə müşahidə etdiyimiz tərəqqi davam edəcək və biz bu problemin hərtərəfli həlli ilə bağlı danışıqlarda tərəfləri dəstəkləməyə hazırıq,” Prays bildirib.

Dövlət Departamentinin sözçüsü ABŞ-ın sülh prosesindəki rolunu qeyd edərək bildirib ki, “biz öz sözümüzlə və əməlimizlə aydın göstərmişik ki, biz Ermənistan və Azərbaycana istənilən yolla çox çətin məsələlərin həllinı tapmaqda kömək etmək istəyirik.”

Laçın dəhlizi ilə bağlı sualı cavablandıran Prays deyib ki, dövlət katibi Blinken həftəsonu Münhendə tərəflərlə görüşdə bu mövzunu qaldırıb.

“O, Laçın dəhlizi ilə açıq kommersiya və şəxsi tranzitin zəruriliyini vurğulayıb. O həmçinin tərəfləri digər nəqliyyat marşrutlarını da açmağa çağırıb. Biz hesab edirik ki, bu dəhliz boyunca ona ən çox ehtiyacı olan insanlara humanitar yardım da daxil olmaqla, malların sərbəst hərəkəti üçün maneələri aradan qaldırmaq tərəflərin öz öhdəliyindədir və biz diplomatiyamızı bunun həyata keçirilməsinə yönəldəcəyik,” o bildirib.

Bu il fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü keçirilib.

Görüşdən sonra Antoni Blinken bildirib ki, Ermənistan və Azərbaycanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhü təmin etmək üçün həqiqətən tarixi imkanları var.

“Tərəflər özləri birbaşa danışıqlar yolu ilə, eləcə də Avropa İttifaqı və bizimlə birgə diqqətlərini sülh prosesinə yönəldiblər. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”, Dövlət kaitbi qeyd edib.

Nikol Paşinyan və İlham Əliyev bundan öncə sonuncu dəfə ötən il oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşüb.

XS
SM
MD
LG