Accessibility links

Pol Qobl: ABŞ-ın Yerevan və Bakı arasında çoxsəviyyəli intensivləşdirilmiş danışıqlar üçün daha çox səy göstərəcəyinə ümid edirəm


Pol Qobl: ABŞ-ın Yerevan və Bakı arasında çoxsəviyyəli intensivləşdirilmiş danışıqlar üçün daha çox səy göstərəcəyinə ümid edirəm
please wait

No media source currently available

0:00 0:09:59 0:00

Pol Qobl: ABŞ-ın Yerevan və Bakı arasında çoxsəviyyəli intensivləşdirilmiş danışıqlar üçün daha çox səy göstərəcəyinə ümid edirəm

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanla birbaşa müzakirələri davam etdirdiyini və iki ölkə arasında davamlı sülhü dəstəkləməyə sadiq qaldığını bəyan edib. ABŞ birbaşa dialoqun Azərbaycan və Ermənistanı ayıran məsələlərin həllinə gətirib çıxaracağına ümid etdiyini bildirib. Dövlət katibi Blinken Azərbaycan prezident İlham Əliyevlə yanvarın 23-də telefon söhbəti zamanı həmçinin Laçın dəhlizində vəziyyətlə əlaqədar narahatlığını ifadə edərək, dəhlizin kommersiya hərəkəti üçün dərhal açılmasına çağırıb. Avrasiyada etnik və dini məsələlər üzrə ekspert, ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə müşaviri olmuş tanınmış politoloq Pol Qobl Amerikanın Səsinə müsahibədə Laçın dəhlizində vəziyyət, Rusiyanın regionda niyyətləri, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının perspektivləri və ABŞ-ın davamlı sülhə nail olmaq istiqamətində səylərini şərh edib.

Amerikanın Səsi: Birləşmiş Ştatlar Laçın dəhlizində vəziyyətlə əlaqədar narahatlığını ifadə edərək, kommersial və şəxsi səfərlər də daxil olmaqla, dəhliz boyunca sərbəst hərəkətin tam bərpasına çağırıb. Bu həftə dövlət katibi Blinken Azərbaycan prezidenti Əliyevlə telefon söhbəti zamanı dəhlizin kommersiya hərəkəti üçün dərhal açılmasına çağırıb. Siz vəziyyətlə bağlı nə söyləyə bilərsiniz və problemi həll etmək üçün nə etmək lazımdır?

Pol Qobl: Diqqətəlayiqdir ki ki, son 24 saat ərzində ən mühüm hadisə Stepanakertdəki (Xankəndi) erməni qruplarının Minsk Qrupuna müraciət edərək, beynəlxalq ictimaiyyəti Laçın dəhlizinin yenidən açılmasını təmin etmək üçün əraziyə beynəlxalq sülhməramlılar göndərməyə çağırması oldu. Bu, bizim təkcə Rusiyanın nə istədiyindən asılı olmadığımız, həm də digər ölkələrin nümayəndələrinin yerləşdirilməsi imkanı ehtimalını artıran inanılmaz dərəcədə mühüm hadisədir. Mən bunu ilk növbədə bunu diqqətdən qaçıra biləcəyimizə görə vurğulamaq istəyirəm.

Aydındır ki, dəhlizin yenidən açılması üçün səylər göstərilməlidir, çünki heç kim tibbi və ərzaq təchizatı Stepanakertə və ətraf ərazilərə çata bilmədikdə baş verə biləcək humanitar fəlakətin olmasını istəmir. Eyni zamanda, nəzərə almalıyıq ki, Laçın məsələsində təzyiq Ermənistanın prezidentlərin üç üçtərəfli görüşündə verdiyi vədləri yerinə yetirmək istəməsi və ya istəməməsi ilə bağlı olan daha böyük məsələlərin yalnız bir hissəsidir. Hazırda Laçın [dəhlizinin] bağlanması ilə bağlı böyük beynəlxalq diqqətin olduğunu görürük. Zəngəzur, Sünik dəhlizi, nə də Ermənistanın razılaşdığı digər dəhlizlərin açılmasına beynəlxalq səviyyədə eyni maraq göstərilmir. Mən Azərbaycanın etdiyinə və ya [bunun] olması üçün etdiyi şeyə bəraət qazandırmıram. Amma hesab edirəm ki, konkret olaraq məhz bu məsələnin təkcə Laçına diqqət yetirməklə deyil, daha böyük problemin ünvanlanması yolu ilə həll edilməsi vacibdir. Stepanakertdən ermənilərin beynəlxalq sülhməramlı qüvvələr çağırışı məni ruhlandırıb. Hesab edirəm ki, bu, irəliyə doğru atılmış mühüm addımdır və şübhəsiz ki, bu, sülhməramlı qüvvə olmayan sırf Rusiya qüvvələrinin olmasından daha yaxşıdır, çünki beynəlxalq hüquqa görə, münaqişə tərəfi olan ölkə sülhməramlı qüvvələr təmin edə bilməz. Amma mən çox ümid edirəm ki, Laçın [dəhlizi] açılacaq. Mən həqiqətən ümid edirəm ki, buna nəzarət etmək üçün təkcə Rusiya deyil, beynəlxalq sülhməramlılar da olacaq və mən çox ümid edirəm ki, Ermənistan blokadada saxladığı kommunikasiya yollarının açılması ilə bağlı razılaşmalarını yerinə yetirməyə razı olacaq. Ona görə də hesab edirəm ki, bütün bunlar nəzərə alınmalıdır.

Amerikanın Səsi: Bu, Azərbaycanı narahat edən məsələlərdən biridir. Azərbaycan həmçinin özünü Qarabağda separatçı rejimin dövlət naziri elan edən Vardanyanın mövqeyini sürətlə möhkəmləndirməsindən narahatlığını ifadə edib. Bakıda çoxları onu “Moskvanın adamı” hesab edirlər. Eyni zamanda, Yerevanda bir çoxları ona inamla yanaşmır. Sizcə, onun əsas niyyəti nədən ibarətdir?

Pol Qobl: Əgər o, doğrudan da Moskvanın adamıdırsa, o zaman soruşa bilərik ki, Moskvanın niyyəti nədir? Əgər Moskvanın niyyəti 30 ildir olduğu kimidirsə, yəni Moskva bir tərəfi digərinə qarşı qoymaq üçün real həll yolu axtarmaqdansa, münaqişəni davam etdirmək istəyirsə, belə olan halda biz ondan münaqişəni həll etməkdənsə, daha da qızışdıracaq addımlar gözləyə bilərik. Birbaşa hansısa konkret bir nümunəyə keçməzdən əvvəl bu ümumi modeli yadda saxlamaq lazımdır. Bu, kiminsə Laçın məsələsi həll olunsa irəliləyiş olacağını güman etməsi deyil, daha geniş mənada həll edilməli olan bir məsələ, bir problemdir. Laçın məsələsi daha geniş kontekstdə həll edilməlidir. Mən bunun baş verəcəyinə çox ümid edirəm.

Azərbaycan fövqəladə müdriklik nümayiş etdirərək, 44 günlük müharibəni Stepanakerti yenidən ələ keçirmədən əvvəl dayandırdı və əlbəttə ki, bunu edə bilərdi. Fikrimcə, Ermənistan bunu qəbul etməlidir. Mən hesab edirəm ki, Azərbaycan bir daha sağlam düşüncə nümayiş etdirməli və Laçın dəhlizinin nəzarət altında açılmasına imkan verməlidir. Axı bura Azərbaycan ərazisidir, beynəlxalq səviyyədə tanınan Azərbaycan ərazisidir. Buna görə də Azərbaycan orada nə edirsə, buna görə Azərbaycan hökuməti məsuliyyət daşıyır. Eyni zamanda, beynəlxalq ictimaiyyətin üzvü kimi Azərbaycanın daha geniş öhdəlikləri var. Azərbaycan insan hüquqları ilə bağlı fəlakətlərə gətirib çıxaran hərəkətlərə yol verməməyi tələb edən bir sıra beynəlxalq müqavilə və konvensiyaları imzalayıb. Ona görə də mən çox ümid edirəm ki, Azərbaycan bu məhdudiyyətin aradan qaldırılması üzərində işləyəcək. Lakin bunu beynəlxalq ictimaiyyətin bunun yalnız daha böyük problemlərin ünvanlanacağı və Azərbaycanın Laçında atacağı hər hansı addımın qarşılığında Ermənistanın Zəngəzur və digər dəhlizlərlə bağlı müsbət cavab verəcəyi təqdirdə davamlı olacağını tam dərk etməsi ilə edəcək.

Amerikanın Səsi: Siz regionda Rusiya qüvvələrini qeyd etdiniz. 2020-ci ildə müharibənin nəticəsi olaraq bölgəyə Rusiyanın Moskvanın dediyi kimi 2000-ə yaxın sülhməramlısı yerləşdirilib. Moskvanın hazırda bütünlüklə diqqətini Ukraynaya yönəltdiyini nəzərə alsaq, Rusiyanın Qarabağla bağlı niyyəti nədir?

Pol Qobl: Bu, aydındır. Mən hesab edirəm ki, Rusiyanın niyyətləri dəyişməz qalır, yəni [Rusiya] həm Bakıda, həm də Yerevanda hər iki tərəfin uzun müddət yaşamağa hazır olduğu həll yolu tapmaqdansa, münaqişəni davam etdirmək istəyir. Rusiya əsgərlərini orada saxlamaq və belə etsə, beynəlxalq ictimaiyyətin də olmadıqları halda onları sülhməramlı kimi qəbul edəcəyinə inanaraq, onları sülhməramlı adlandırmaq istəyir. Bu da Rusiyaya yerdə real təsir imkanları verəcək. Buna görə də dediyim kimi, indi ermənilərin beynəlxalq sülhməramlı qüvvələrin yaradılmasına çağırış etməsi məni çox ruhlandırır. Əvvəllər Azərbaycan da beynəlxalq sülhməramlı qüvvələr yaratmağa və ya Rusiya qüvvələri ilə Türkiyə qüvvələri arasında balans yaratmağa çağırıb. Düşünürəm ki, Stepanakertin gördüyü iş orada beynəlxalq sülhməramlı qüvvələrin olması istiqamətində irəliləmək üçün imkan açır. Bu qüvvələr beynəlxalq ictimaiyyət tərəfindən müəyyən edilmiş əlaqələndirmə qaydaları əsasında fəaliyyət göstərəcək və daha geniş razılaşmalara doğru irəliləmək üçün daha yaxşı imkan verəcək.

Amerikanın Səsi: Sizin fikrinizcə, Moskva ilə daimi həllə nail olmaq istiqamətində işi davam etdirmək mümkündürmü?

Pol Qobl: Mən hesab edirəm ki, Rusiya orada mövcuddur və buna görə də biz onlarla işləməyə davam etməliyik, çünki onlar oradadırlar. Bununla belə, onların belə olmadığı halda sülhməramlı adlandırdıqları qüvvələr vasitəsilə hazırda etdikləri kimi beynəlxalq hüququ pozmalarına icazə verilməməsi son dərəcə vacibdir. Moskvanın sülhməramlı [qüvvələr] və bir çox başqa məsələlərdə beynəlxalq oyun qaydalarını qəbul etməsi çox mühümdür. Danışıqlardan isə heç kim imtina etməməlidir. Eyni zamanda, irəliləyiş yalnız oyun qaydaları qəbul edildiyi təqdirdə əldə edilə bilər. Cənab Putin Ukraynada və başqa yerlərdə nümayiş etdirdi ki, əgər yerdə kifayət qədər gücü varsa, beynəlxalq hüququ pozmağa hazırdır. Buna qarşı çıxmaq lazımdır. Beləliklə də, bəli, Moskva və onun nümayəndələri ilə danışmağa davam edin. Amma bütün bu danışıqlarda başqalarının Moskvanın qaydaları ilə yaşaması deyil, Moskvanın qaydalara uyğun davrandığında təkid etmək lazımdır.

Amerikanın Səsi: Birləşmiş Ştatlar uzun müddətdir hər iki ölkəni-Ermənistan və Azərbaycanı ayıran məsələlərin həllinə aparan birbaşa dialoqa çağırır və davamlı sülhün dəstəklənməsinə sadiq qaldığını bildirir. Siz necə düşünürsünüz, ABŞ-ın daimi həll yolunun tapılması istiqamətində daha çox iştirak edəcəyini gözləyə bilərikmi?

Pol Qobl: Mən həqiqətən ümid edirəm ki, bu belə olacaq. Mən çox ümid edirəm ki, ABŞ bu böyük problemi həll etmək üçün Yerevan və Bakı arasında çoxsəviyyəli, intensivləşdirilmiş danışıqlar üçün çox səy göstərəcək. Düşünürəm ki, sonda bu, beynəlxalq ictimaiyyət tərəfindən deyil, ermənilər və azərbaycanlılar arasında razılaşmalar yolu ilə həll ediləcək. Lakin beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycanın danışıqları uğurla həyata keçirə biləcəyi şərait yaratmaq üçün çox şey edə bilər. Buna görə də mən ümid edirəm ki, daha çox danışıqlar keçiriləcək. Ümid etmək istərdim ki, biz bu danışıqları təkcə prezident, baş nazir səviyyəsində deyil, nazirlər, nazir müavinləri və parlament səviyyəsində danışıqlar, hətta insanlar arasında təmaslar kimi bütün səviyyələrdə görəcəyik. Bu qədər problem, qorxu və narahatlıqlarla dolu olan bu münaqişə kimi uzun müddətdir davam edən bir münaqişənin həllini tapması üçün bir müddət hər gün danışıqların aparılması mütləq lazım olacaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG