ABŞ-ın Yerevan və Bakı arasında çoxsəviyyəli intensivləşdirilmiş danışıqlar üçün daha çox səy göstərəcəyinə ümid edirəm
Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanla birbaşa müzakirələri davam etdirdiyini və iki ölkə arasında davamlı sülhü dəstəkləməyə sadiq qaldığını bəyan edib. ABŞ birbaşa dialoqun Azərbaycan və Ermənistanı ayıran məsələlərin həllinə gətirib çıxaracağına ümid etdiyini bildirib. Dövlət katibi Blinken Azərbaycan prezident İlham Əliyevlə yanvarın 23-də telefon söhbəti zamanı həmçinin Laçın dəhlizində vəziyyətlə əlaqədar narahatlığını ifadə edərək, dəhlizin kommersiya hərəkəti üçün dərhal açılmasına çağırıb. Avrasiyada etnik və dini məsələlər üzrə ekspert, ABŞ administrasiyasının keçmiş Sovet İttifaqı üzrə müşaviri olmuş tanınmış politoloq Pol Qobl Amerikanın Səsinə müsahibədə Laçın dəhlizində vəziyyət, Rusiyanın regionda niyyətləri, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının perspektivləri və ABŞ-ın davamlı sülhə nail olmaq istiqamətində səylərini şərh edib.