Əvəz Zeynallının həbsi ilə bağlı Avropa Məhkəməsinə şikayət edilib

Əvəz Zeynallı (Arxiv foto, mənbə VOA)

Müdafiə tərəfi jurnalist Əvəz Zeynallının həbsi barədə məhkəmə qərarının Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinə (Azadlıq və toxunulmazlıq hüququ) zidd olması ilə bağlı Avropa Məhkəmsinə şikayət göndərib.

Bu barədə vəkil Fəxrəddin Mehdiyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, Əvəz Zeynallının cinayət məsuliyyətinə cəlb olunması qanunsuzdur.

“Yanvarın 8-də məhkəmənin Əvəz Zeynallı barədə həbs qətimkan tədbiri qərarının müddəti başa çatır. Ümid edirik ki, məhkəmə onun barəsində qərarını dəyişəcək, sərbəst buraxılması barədə qərar verəcək,” vəkil qeyd edib.

Mehdiyev dekabrın 19-da Dövlət Təhlükəsizliyi Xidfmətinin istintaq təcridxanasında saxlanılan jurnalistlə görüşüb.

“Əvəz Zeynallının səhhətində ciddi problemlər var. O, şəkər xəstəliyindən və qan təzyiqindən əziyyət çəkir. Gözlərində ağırlaşma yaranıb. Təcili cərrahi əməliyyata ehtiyac duyulur”.

Vəkilin sözlərinə gorə, jurnalistin ailəsi ilə görüşünə və telefon zənglərinə qoyulan qadağa davam edir.

“Dekabrın 16-da Əvəz Zeynallının ad günü idi. Ümid edirdik ki, ad günündə onun ailəsi ilə görüşünə və ya telefon əlaqəsinə şərait yaradacaqlar. Amma bu baş vermədi,” o qeyd edib.

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-da prokurorluq orqanları tərəfindən saxlanılıb. Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 ay müddətində həbs-qətimkan tədbiri seçib.

Rəsmi məlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət almaq) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib. Əvəz Zeynallı “Baku Steel Company” şirkətinin müşahidə şurasının keçmiş sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədovun yaxınlarından rüşvət almaqda, vəkil isə vasitəçilik etməkdə təqsirli bilinir.

Sonradan Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1-ci maddə (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə daha bir ittiham irəli sürülüb.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib, peşə fəaliyyətləri ilə bağlı olduğunu bəyan edib.

Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyib. Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını istəyiblər.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Səsinə bildirib ki, Əvəz Zeynallının və Elçin Sadıqovun həbsini diqqətlə izləyirlər.

“Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaşlarının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq,” səfirliyin mətbuat katibi qeyd edib.