İran Azərbaycanının şəhərlərində Azərbaycan Respublikasını dəstəkləyən plakatlar yapışdırıldığı bildirilir

İran Azərbaycanın şəhərlərində Azərbaycan Respublikasını dəstəkləyən plakatlar yapışdırılır (Mənbə facebook)

İran Azərbaycanın şəhərlərində küçə və meydanlarda divarlara Azərbaycan Prezidenti İlham Əliyevin, 1945-1946-cı illərdə indiki İran Azərbaycanı ərazisində qurulmuş Azərbaycan Milli Hökumətinin sədri Seyid Cəfər Pişəvərinin və Məhəmmədəli şaha qarşı Məşrutə inqilabının (1905-1911) liderlərindən biri, xalq qəhrəmanı Səttarxanın fotoları əks olunan müxtəlif plakatlar yapışıdırıldığı barədə sosial şəbəkələrdə məlumatlar yayılmaqdadır.

Sosial şəbəkələrdə bunu əks etdirən çoxsaylı fotolar da yayılıb.

İran Azərbaycanın şəhərlərində Azərbaycan Respublikasını dəstəkləyən plakatlar yapışdırılır (Mənbə facebook)

Əslən İran Azərbaycandan olan Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan Komissiyasının sədri Sayman Aruz Facebook profilində yazıb ki, "Güney Azərbaycanın bütün şəhərlərində Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan və üzərinə "Güney Azərbaycan Sizin arxanızdadır, cənab Prezident!" yazılmış plakatlar divarlara vurulub".

Sosial şəbəkələrdə plakatların əsasən Təbriz, Ərdəbil və digər şəhərlərində yayıldığı bildirilir.

İran Azərbaycanın şəhərlərində Azərbaycan Respublikasını dəstəkləyən plakatlar yapışdırılır (Mənbə facebook)

Bir çox sosial şəbəkə istifadəçiləri Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının (CAMOH) hazırda ABŞ-da yaşayan lideri Mahmudəli Çöhrəqanlının Azərbaycan Respublikasına buraxılmasını vacib sayır.

Mahmudəli Çöhrəqanlının indiyədək bir neçə dəfə Bakıya gəlməsinə baxmayaraq, o, ölkəyə buraxılmayıb və hava limanından geriyə ABŞ-a qaytarılıb.

Bununla yanaşı, sosial şəbəkələrdə yayılan məlumatlara rəsmi Tehran hələ münasibət bildirməyib.

Son zamanlar İran və Azərbaycan arasında diplomatik sahədə fikir ayrılıqları hərbi təlimlərlə müşahidə edilməkdədir.

Oktyabrın 17-dən başlayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələri İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərinin şimalında yerləşən Əraks (Araz) bölgəsində hərbi təlimlər keçirib.

İRNA agentliyinin məlumatına görə, SEPAH-ın quru qoşunları komandanı Məhəmməd Pakpur bildirib ki, "bu təlimlərin qonşu ölkələr üçün mesajı sülh, dostluq və sabit təhlükəsizliyin möhkəmləndirilməsi, düşmənlər üçün isə İranın digər Silahlı Qüvvələri ilə birlikdə quruda yerləşən SEPAH-ın ölkə sərhədlərini qorumaq və istənilən təhdidlərə cavab verməyə hazır olmasıdır".

İyulun 19-da İranın ali dini lideri Əli Xameneyi twitter səhifəsində bildirib ki, İran-Ermənistan sərhədini blok etmə siyasəti varsa, İran buna qarşı çıxacaq, çünki bu sərhəd min illərin əlaqə yoludur.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərdən iki həftə sonra, noyabrın 2-də Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ölkənin İranla həmsərhəd olan cənub ərazilərində hərbi təlimləri başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilən təlim planına əsasən hərbi hissələr "Həyəcan" siqnalı ilə qaldırılıb.

"Daimi dislokasiya məntəqələrini tərk edən xüsusi təyinatlılar əməliyyat rayonlarına çıxarıldıqdan sonra komandirlərin məruzələri dinlənilib və tapşırıqlar dəqiqləşdirilib. Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib. Plana uyğun olaraq təlimin növbəti mərhələlərində xüsusi təyinatlı bölmələr onları dəstəkləyən Hərbi Hava Qüvvələri, eləcə də Raket və Artilleriya Qoşunlarının bölmələri ilə qarşılıqlı əlaqədə bir sıra tapşırıqları icra edəcəklər," Müdafiə Nazirliyi qeyd edib.