Məhkəmə jurnalisti ev dustaqlığına buraxmayıb

Əvəz Zeynallı

Sentyabrın 21-də Bakının Binəqədi Rayon Məhkəməsi "Xural TV"nin rəhbəri Əvəz Zeynallının həbsinin ev dustaqlığına dəyişdirilməsilə bağlı vəsatəti təmin etməyib.

Bu barədə vəkil Aqil Layıc məlumat verib.

Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

Vəkil bildirib ki, Zeynallıya qarşı 312-1-ci maddə (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə daha bir ittiham irəli sürülüb.

Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrıpn 10-da prokurorluq orqanları tərəfindən saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.

Sentyabrın 11-də Bakının Binəqədi rayon Məhkəməsi Əvəz Zeynallı və Elçin Sadıqov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçib.

Vəkil Aqil Layıc (Foto Türkan Bəşirindir)

Rəsmi m əlumata görə, toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallıya 311.3.3-cü (külli miqdarda rüşvət almaq) və Elçin Sadıqova Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində ittiham elan edilib. Əvəz Zeynallı "Baku Steel Company" şirkətinin müşahidə şurasının keçmiş sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədovun yaxınlarından rüşvət almaqda, vəkil isə vasitəçilik etməkdə təqsirli bilinir.

Əvəz Zeynallı və Elçin Sadıqov ittihamları qəbul etməyib, peşə fəaliyyətləri ilə bağlı olduğnu bəyan edib.

Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyib. Azərbaycan hakimiyyətindən onların azadlığa buraxılmasını istəyiblər.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikanın Səsinə bildirib ki, Əvəz Zeynallının və Elçin Sadıqovun həbsini diqqətlə izləyirlər.

"Birləşmiş Ştatlar insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalır. Biz Azərbaycanı öz konstitusiyasına və beynəlxalq öhdəliklərinə uyğun olaraq vətəndaşlarının hüquqlarını və əsas azadlıqlarını qorumağa çağırırıq" , səfirliyin mətbuat katibi qeyd edib.