Rəsmi mənbələr: Son döyüşlərdə Ermənistanın 207, Azərbaycanın 79 hərbçisi həlak olub

Ermənistanın Baş Naziri Nikol Paşinyan sentyabrın 19-da Ermənistan Təhlükəsizlik Şurasının iclasında bildirib ki, Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-dən 14-dək olan döyüşlər nəticəsində Ermənistan tərəfindən ölən və itkin düşənlərin sayı 207 nəfərə çatıb.

"Təcavüz nəticəsində ölən və itkin düşənlərin sayı 207-yə çatır, o cümlədən üç mülki şəxs həlak olub, ikisi itkin düşüb. 293 hərbçi və üç mülki şəxs yaralanıb, 20 hərbçi əsir götürülüb," Paşinyan qeyd edib.

Azərbaycan tərəfi isə yüzədək erməni hərbçisinin cəsədini təhvil verməyə hazır olduğunu bildirib. Sentyabrın 17-də Azərbaycan artıq 32 erməni hərbçisinin cəsədini Ermənistana təhvil verib.

Rəsmi məlumatlara görə, Azərbaycan-Ermənistan sərhədində son döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbçisi həlak olub, 282 hərbi qulluqçusu yaralanıb. Bununla yanaşı, Azərbaycan tərəfi iki mülki şəxsinin yaralandığını bildirib.

Sentyabrın 12-dən 14-dək Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər qeydə alınıb. Tərəflər döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

ABŞ dövlət katibi Antoni Blinken sentyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ayrı-ayrı telefon söhbəti zamanı Ermənistan-Azərbaycan sərhədində gərginliyi müzakirə edib və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.

Hazırda atəşkəs rejimi davam etdirilir. Tərəflər sərhəddə atışmaların qeydə alınmadığını bildirir.