İctimai fəal Azərbaycanda insanları işgəncələrə məruz qoyan məmurlara Avropa İttifaqı ölkələrinə viza verilməməsini təklif edib

Bəxtiyar Hacıyev

Avqustun 23-də ictimai fəal Bəxtiyar Hacıyev “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının həmtəsisçiləri Rüfət Səfərov və Zaur Əkbərlə birgə Avropa İttifaqının Bakıdakı nümayəndəliyində Almaniya, Belçika və Çexiya səfirliklərinin insan haqları üzrə müşavirləri ilə görüşüb.

“Görüşdə ictimai fəal Bəxtiyar Hacıyevin şəhərin mərkəzində oğurlanması, pis rəftara məruz qalması, həyatı və sağlamlığına təhdidlərlə bağlı geniş müzakirə apardıq,” Rüfət Səfərov qeyd edib.

Bəxtiyar Hacıyev Amerikanın Səsinə deyib ki, görüşdə o, Azərbaycanda insan hüquqlarının pozulmasında, işgəncələrdə xüsusi fəallıq göstərən hüquq mühafizə orqanlarının əməkdaşlarına Avropa İttifaqı ölkələrinə viza verməkdən imtina edilməsi təklifi ilə çıxış edib.

“Çünki həmin insanlar Azərbaycanda vətəndaşlara işgəncə verir, hüquqlarını pozur, sonra yay aylarında ailələrini götürüb gedir Qərb ölkələrində istirahət edirlər, müalicə olunurlar, alış-veriş edirlər, bizneslərini qururlar və sonra yeni enerji ilə qayıdıb Azərbaycanda işgəncələri davam etdirirlər. Dedim ki, bununla bağlı siyahı tərtib edib Avropa İttifaqına üzv ölkələrinə təqdim edəcəyik,” o qeyd edib.

İctimai fəal həmçinin bildirib ki, görüşdə iştirak edən Avropa İttifaqı ölkələrinin nümayəndələri baş verənlərlə bağlı xarici işlər nazirliklərinə və ölkələrinin müvafiq qurumlarına məlumat verəcəklərini deyib.

“Onlar qeyd etdilər ki, ölkələri üçün insan hüquqları əsas prioritet məslələrdəndir. Bildirdilər ki, ölkələri bu məslələrdə indiyədək səssiz diplomatiya yolunu seçib və məsələləri Azərbaycanın hökumət rəsmiləri ilə bağlı qapılar arxasında müzakirə edib. Dedilər ki, artıq başa düşürlrər ki, bu məsələləri açıq şəkildə hökumətə çatdırmalıdırlar. Biz Bəxtiyar Hacıyevin təklifini də ölkəmizin rəhbərliyinə çatdıracağıq,” ictimai fəal görüşlə bağlı Amerikanın Səsinə danışarkən qeyd edib.

Hacıyev bir gün əvvəl gün ərzində saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığını və orada fiziki təzyiqlərə məruz qaldığını bildirmişdi. O, daxili işlər naziri və iqtidaryönümlü olduğu bildirilən fəal Fuad Muradovla bağlı tənqidi yazıları Facebook səhifəsindən silməyə məcbur edilib. Nəhayət, Hacıyev bildirib ki, onu hədələyiblər ki, polisi tənqid etməyə davam etsə, cəza daha sərt olacaq.

Daxili İşlər Nazirliyi hələ Hacıyevin açıqlamasına münasibət bildirməyib.

Hacıyev avqustun 24-də Azərbaycan vətəndaşlığından imtina ilə bağlı ərizəsini Prezident Administrasiyanıa təqdim edib. O, ölkədə həyatı üçün təhlükə səbəbindən vətəndaşlıqdan imtina etdiyini bildirib.

Öz növbəsində Azərbaycan rəhbərləri ölkədə bütün fundamental hüquqların tam bərpa edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Bununla yanaşı, yerli hüquq müdafiə təşkilatları ölkədə yüzdən çox insanı siyasi məhbus kimi tanıdığını bildirir. 2021-ci ildə Avropa Şurasının Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib və bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyətdədir.