Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən AXCP fəalı Cəfər Mirzəyevin məhkəməsi davam etdirilib

Cəfər Mirzəyev

Avqustun 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Cəfər Mirzəyevin işi üzrə məhkəmçə prosesi davam etdirilib. O, Almaniyadan deportasiya olunduqdan sonra həbs edilib və narkotik maddə alverində ittiham olunur.

Fəalın qardaşı Vüsal Mirzəyev bildirib ki, avqustun 12-də keçirilən iclasda şahid ifadələri başa çatıb. Şahid qismində fəalı həbs edən polis əməkdaşları çıxış ediblər.

“Məhkəmə prosesi qeyri-obyektiv keçir və müdafiə tərəfinin vəsatətləri təmin edilmir,” o qeyd edib.

Fəalın özü isə məhkəmədə deyib ki, onu Bakının Ramana qəsəbəsində mağazada alış-veriş edərkən saxlayıblar və narkotik maddəni onun üzərinə polis əməkdaşları qoyublar. Mirzəyev deyib ki, ona işgəncə verərək etirafedici ifadə verməsini tələb ediblər.

Növbəti məhkəmə iclas avqustun 26-da olacaq.

Məhkəmənin dəftərxanasından Amerikanın Səsinə deyiblər ki, məhkəmə haqqqında yalnız hökm elan edildikdən sonra narazı tərəf yuxarı məhkəmə instansiyasına şikayət edə bilər.

Öz növbəsində Daxili İşlər Nazirliyi ittihamla və işgəncə ilə bağlı deyilənləri vaxtı ilə təkzib edib və özünü müdafiə kimi qiymətləndirib.

Cəfər Mirzəyev Almaniyadan deportasiya olunduqdan sonra ötən ilin payızında narkotik maddə alveri ittihamı ilə həbs edilən 4 fəaldan biridir. Digər iki fəal başqa ittihamlarla həbs edilib. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıblar.

2021-ci il noyabrın 25-də Cəfər Mirzəyev Almaniyadan deportasiya edilib və yanvarın 27-də Bakıda həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) ittiham irəli sürülüb. Fəalı 5 ildən 12 ilədək həbs təhlükəsi gözləyir.