Accessibility links

Məhkəmə Almaniyadan readmissiya üzrə Azərbaycana qayıdan müxalifət fəalını ev dustaqlığına buraxmayıb


Punhan Kerimli
Punhan Kerimli

Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Pünhan Kərimlinin ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin etməyib.

Bu barədə Amerikanın Səsinə Kərimlinin ailəsindən bildirblər.

Ötən ilin noyabrında Almaniyadan readmissiya üzrə qayıdan Kərimli yanvarın 25-də saxlanılıb və onun barəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə Kərimli bildirib ki, onu siyasi motivlərlə, Azərbaycanda insan hüquqlarının pozulmasına etiraz olaraq Almaniyada keçirilən aksiyalarda iştiraka görə təqib edirlər.

İstintaq bildirir ki, Kərimlidə 7,5 qram heroin və 2,5 qram metamfetamin tapılıb. Fəal narkotik maddələrin onun üzərinə qoyulduğunu deyib.

“32 yaşlı Kərimli 10 ildir ki, peşəkar idmanla məşğul olur və zərərli vərdişləri yoxdur,” Kərimlinin atası Vahid Kərimov Amerikanın Səsinə deyib.

Müdafiə tərəfi ev dustaqlığına keçirilməkdən imtina ilə bağlı apellyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, 2021-ci ilin noyabrında Almaniyadan göndərilmiş daha bir fəal Cəfər Mirzəyev yanvarın 27-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə saxlanılıb.

Bundan əlavə, Almaniyadan qayıdan daha iki fəal - Mütəllim Orucov və Malik Rzayev ötən ilin payızında həbs edilib.

XS
SM
MD
LG