Almaniyadan deportasiya olunan AXCP fəalı Pünhan Kərimli 6 il həbsə məhkum edilib

Punhan Kerimli

İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Samir Əliyevin sədrliyi ilə Almaniyadan Bakıya deportasiya olunandan sonra həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı (AXCP) Pünhan Kərimlini 6 il həbsə məhkum edib.

O, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Hökm oxunmazdan öncə Kərimli irəli sürülən ittihamları rədd edərək, siyasi motivlərlə təqib oluduğunu bildirib.

Vəkil Cavad Cavadov da Kərimlinin irəli sürülən ittiham üzrə günahına sübutların olmadığını bildirib.

Lakin məhkəmə Kərimlini təqsirli bilib və onu 6 il müddətinə azadlıqdan məhrum edib. Bundan öncə prokuror fəalın 7,5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.

Fəalın atası Vahid Kərimov cinayət ittihamının saxtalaşdırıldığını bildirib.

"Oğlumu Vergi Departamentindən çıxarkən həbs ediblər. Oraya cibində narkotik maddə ilə gedə bilərdi? Bu, saxta ittihamdır. Onun üzərinə narkotik maddə qoyublar. Oğlum Azərbaycanda siyasi məhbusları müdafiə aksiyalarında iştirak etdiyinə və hakimiyyəti tənqid etdiyinə görə təqib olunur. Siyasi fəaliyyətinə görə ona 10 il həbs verilsəydi belə təəssüflənməzdim, amma narkotik maddə ittihamını qəbul etmirəm," - Vahid Kərimov deyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli partiya fəalının şərlənərək həbs edildiyni bildirib.

“Daha bir AXCP fəalı uzunmüddətli həbsə məhkum edildi. Almaniyadan deportasiya olunan AXCP üzvü Pünhan Kərimli narkotika ilə şərlənərək 6 müddətinə azadlıqdan məhrum edilib. Bütün dünya dəyişsə də Əliyev hakimiyyəti kütləvi xalq iradəsilə üzləşməyincə dəyişməyəcək. Xalqımız nə qədər tez bu qənaətə gəlsə, o qədər tez bu zülmdən xilas olacağıq,” o qeyd edib.

Öz növbəsidnə, Bakı Ağır Cinayətlər Məhkəməsinin dəftərxanasından məhkəmə hökmü ilə bağlı münasibət almaq mümkün olmayıb. Məhkəmələr bir qayda olaraq narazı tərəfin yuxarı məhkəmə instansiyasına şikayət vermək hüququnun oldğunu xatırladır.

Pünhan Kərimli 2018-ci ilin oktyabrında Almaniyaya mühacirətə gedib. O, mühacirətdən öncə AXCP fəalı kimi etiraz aksiyalarında iştirak etdiyi üçün təqiblərə məruz qaldığını və bu səbəbdən ölkəni tərk etməyə məcbur olduğunu bildirib. 2021-ci ilin noyabrında Kərimli Azərbaycana geri göndərilib və 2022-ci il yanvarın 25-də saxlanılıb.

O, narkotik vasitələrin satış məqsədilə əldə edilməsində ittiham edilir. Kərimli isə ittihamı qəbul etmir, özünü təqsirli bilmir.

"Mənə açıq şəkildə dedilər ki, prezidenti tənqid etdiyinə, Almaniyada etiraz aksiyalarında iştirakına görə həbs olunursan. Məndən narkotik tapılmayıb, cibimə özləri atıblar" , Kərimli məhkəmədə ifadə verərkən belə deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Almaniyadan deportasiya edilən mühacirlərin polis tərəfindən şərlənməsi barədə iddiaların əsassız olduğunu bildirib.

"Bu cür fikirlər qətiyyən həqiqətə uyğun deyil," o qeyd edib.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir.

Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə qaytarılan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb.

Ötən ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal - Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar.

Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanın siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddialarını təkzib edir.

Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyindən Amerikanın Səsinə bildirilib ki, onlar insanların etiraz etmək hüququnu tanıyırlar, lakin bununla bağlı hər hansı mövqe bildirə bilməzlər.