Accessibility links

Bəxtiyar Hacıyev həbsxanadan Milli Məclisə və Penitensiar Xidmətə müraciət ünvanlayıb


O barələrində məcburi tibbi xidmət tətbiqinə qərar verilmiş məhkumlarla bağlı hüquqi aktlara dəyişiklik edilməsini xahiş edir.

Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyev Penitensiar Xidmətə narkomaniyaya görə həbs olunmuş və barələrində məcburi tibbi tədbirlərin tətbiqinə dair qərar çıxarılmış məhkumların hüquqları ilə bağlı müraciət edib. Milli Məclisə də ünvanlanan müraciətdə Bəxtiyar Hacıyev belə məhkumların müalicə tədbirlərinin icrası ilə bağlı qarşılaşdıqları problemlər və tibbi tədbirlərin tətbiqi müddətində digər məhkumlara verilmiş bir çox hüquqlardan istifadəsinə qoyulan məhdudiyyətlərdən bəhs edib.

Məhbus yazır: “Narkomaniyaya görə həbs olunmuş və barələrində məcburi tibbi tədbirlər görülməsi barədə məhkəmə qərarı olan məhkumlar tibbi tədbirlər müddətində digər məhkumlara verilən bir çox hüquqlardan məhrum edilirlər. Bu hüquqların başlıcaları cəzalarının 1/3 hissəsini çəkən məhkumların cəzanın qalan hissəsindən azad olmaq və cəzalarının şərti cəza ilə əvəz edilməsi ilə bağlı müraciət etmələrinə qoyulan məhdudiyyətdir. Cəzaların İcrası Məcəlləsinin 70-ci maddəsinə əsasən, barələrində məcburi tibbi tədbirlər seçilmiş olan şəxslər məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilə bilməzlər. Bu və bənzər hüquqlardan məhkumlar yalnız barələrində seçilmiş məcburi tibbi tədbirlər bitdikdən sonra istifadə edə bilərlər.

Lakin barələrində məcburi tibbi tədbirlərin tətbiqinə qərar verilmiş məhkumların əksəriyyəti müraciətlərində praktikada real olaraq bu tibbi müalicəni almadıqlarını bildirirlər. Müalicəni başa vurduqları barədə sənəd onlara Penitensiar Xidmətin tabeçiliyində olan müalicə mərkəzi tərəfindən verilməlidir, lakin təcrübədə məhkumlar yalnız onlara təyin edilmiş cəza müddətinin sonlarına, müddətin bitməsinə 1-2 ay qalmış bu sənədi əldə edə bilirlər. Bu da onların hüquqlarından vaxtında istifadəsinə mane olur”.

Bəxtiyar Hacıyev barələrində məcburi tibbi xidmət tətbiqinə qərar verilmiş məhkumların bu xidmətlərdən vaxtında yararlanması və xidmətin tətbiqi ilə bağlı məhkumların hüquqlarına qoyulan məhdudiyyətlərin azalması üçün müvafiq tədbirlər görülməsini və tənzimləyici qanunvericiliyin bir daha nəzərdən keçirilməsini xahiş edib.

XS
SM
MD
LG