Accessibility links

Bəxtiyar Hacıyev: Prezident seçkilərinədək vahid namizəd müəyyənləşdirilməlidir


Bəxtiyar Hacıyev: Prezident seçkilərinədək vahid namizəd müəyyənləşdirilməlidir
Bəxtiyar Hacıyev: Prezident seçkilərinədək vahid namizəd müəyyənləşdirilməlidir

O müxalifətin vahid namizədinin ilkin seçki yolu ilə müəyyənləşdirilməsini təklif edir. İlkin seçkilər partiyaların, müxalifətin daxili dinamikasını da dəyişər.

Həbsdə olan bloger Bəxtiyar Hacıyev müxalifəti 2013-cü ildə keçiriləcək prezident seçkilərində vahid namizədlə iştirak etməyə çağırıb. Onun fikrincə, vahid namizəd ilkin seçkilər keçirməklə müəyyənləşdirilməlidir. Gənc blogerin məqaləsini təqdim edirik:

Kovatiada prezident seçkisinə iki ildən az qalır. Bu müddətdə müxalifət özünü toparlamaq, təşkilatlanmaq, güclənmək və iqtidarın namizədini udmaq istəyirsə, ilkin seçki yolu ilə vahid namizəd müəyyənləşdirməlidir.

Müəyyən risklər olsa da, 2012-ci ildə müxalifətin vahid namizəd müəyyənləşdirməsi onun güclənməsinə xidmət edə bilər.

Hakimiyyətin namizədinə qarşı bir neçə şəxs mübarizə aparacağını elan edib. Məhsul və xidmətlərdə seçimin çox olması müştərinin qərar vermə mexanizmini dayandırdığı kimi seçkidə də namizədlərin çoxluğu seçimi çətinləşdirir, seçici aktivliyini azaldır və motivasiyanı aşağı salır. Seçimin çoxluğu bəzən seçimin yoxluğuna gətirib çıxarır. Buna görə müxalifət seçicilərə sadə seçim təklif etməlidir: hakimiyyətdən narazıların namizədi razıların namizədinə qarşı.

Üç-beş il əvvəldən müxalif partiya rəhbərlərinin prezidentə namizəd olacağı bilinir. Bu isə iddiası və nüfuzu olan, lakin partiyaların və ya müxalifətin namizədi olmayacağını bilən şəxslərin partiyalara resurs cəlb etməsinin qarşısını alır. İlkin seçkilərdə belə şəxslər öz resurslarını səfərbər edə bilərlər və bu, müxalifətin güclənməsinə gətirər. İlkin seçkilər partiyaların, müxalifətin daxili dinamikasını da dəyişər.

Prezidentliyə iddialı olan şəxs əvvəlcə narazı elektoratdan səs alaraq, resursları bir-birinə yaxın şəxslər arasında qələbə qazanaraq əsas seçkidə hakim partiya namizədinə qarşı ən güclü rəqib olduğunu sübut etməlidir.

2012-ci ili bütövlükdə bu prosesə həsr edərək, hər ay bir neçə regionda, seçki dairəsində ilkin seçkilər keçirərək həm rəsmi təbliğat-təşviqat müddətindən əvvəl təbliğat imkanı əldə oluna, həm əsas seçkiyə getməmişdən əvvəl seçicilərin rəyi öyrənilə, onlarla il boyu maariflənmə və genişlənmə işləri aparıla bilər.

İlkin seçki müxalifətə demokratik, şəffaf və azad seçki nümunəsi göstərmək imkanı da verər.

Təbii ki, ilkin seçkilərin riskləri də var. Hakimiyyətin müdaxiləsindən tutmuş ilkin seçkinin qalibinin müəyyən elektoratda qəbul edilməməsinə qədər bir çox əks arqumentlər ola bilər. Lakin imkanlar risklərdən çoxdursa, müxalifət 2012-ci ili ilkin seçkilərə həsr etmək barədə düşünməlidir.

Qeyd: Kovatia ABŞ-ın Beynəlxalq Respublikaçılar və Milli Demokratiya institutlarının Avropa və Avrasiya Gənc Siyasi Liderlər Şəbəkəsi üçün 2008-ci ilin yayında İstanbulda təşkil etdiyi prezident seçkisi simulyasiyası zamanı istifadə edilmiş bir xəyali dövlət adıdır.

XS
SM
MD
LG